Ötən il "Özbəkistanın Mədəniyyət Səfiri" medalı ilə təltif edilən Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Günay Əfəndiyeva və Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə Özbəkistanın Mədəniyyət Nazirliyinin dəvəti ilə Özbəkistanın Daşkənd şəhərində səfərdə olublar.
Səfər çərçivəsində Günay Əfəndiyeva və Sahib Paşazadə özbək xalqının böyük şəxsiyyətləri Əlişir Nəvainin 585 illiyi və Zahirəddin Məhəmməd Baburun 543 illiyi münasibətilə təşkil olunmuş təntənəli konsert proqramında fəxri qonaq qismində iştirak ediblər.
Həmçinin Mədəniyyət Səfirləri Özbəkistanın mədəniyyət nazirinin birinci müavini Bahadur Əhmədov ilə görüşüblər. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sahib Paşazadə Özbəkistan Respublikasının Mədəniyyət Nazirliyi, Özbək Milli Makom Sənəti Mərkəzi, Yunus Rəcəbli adına Özbək Milli Musiqi Sənəti İnstitutu və Özbəkistan Dövlət Konservatoriyasının rəhbərliyi ilə görüşlərlərində qarşılıqlı faydalı mədəni əlaqələrin möhkəmləndirilməsi, milli musiqimizin geniş təbliği və gələcəkdə bir sıra maraqlı layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıb. Səfər zamanı həmçinin cari ildə BMM ilə Özbəkistanın muğam və sənət mərkəzləri arasında incəsənət xadimlərinin görüşləri, musiqiçilərin təcrübələrini bölüşmə məqsədilə birgə konsertlərin və ustad dərslərinin keçirilməsi məsələləri müzakirə edilib.
Milli.Az