Prezident fərman imzaladı: Bu qurumlar birləşdirilir – TAM SİYAHI

20 Fevral 2026 16:53

Azərbaycanda dövlət idarəetməsinin optimallaşdırılması çərçivəsində bir sıra qurumlar birləşdirilir.

Milli.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb.

Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tabeliyində fəaliyyət göstərən "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi", "Geoloji Kəşfiyyat Agentliyi" və Dövlət Geoloji İnformasiya Fondu birləşdirilərək yenidən "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi" yaradılır.

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Aqrar İnnovasiya Mərkəzi və "Aqrar Tədqiqatlar Mərkəzi" birləşdirilərək "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi" yaradılır.

Bundan başqa, nazirliyin tabeliyində fəaliyyət göstərən Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və "Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu" birləşdirilərək "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin tabeliyində "Bitkiçilik Elmləri İnstitutu" yaradılır.

Eyni zamanda, Baytarlıq Elmi-Tədqiqat İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Dövlət Aqrar Universitetinin tabeliyində Aqromexanika Elmi-Tədqiqat İnstitutu birləşdirilərək "Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzi"nin tabeliyində "Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutu" yaradılır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tabeliyində olan "Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu" və "Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu" birləşdirilərək "Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutu" yaradılır.

Bundan əlavə, Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində fəaliyyət göstərən "Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" birləşdirilərək "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" MMC yaradılıb. Həmçinin, "Sahibsiz Heyvanlara Qayğı Mərkəzi" yenidən təşkil edilərək eyni adlı MMC-yə çevrilir.

Eyni zamanda, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tabeliyində olan "Azərbaycan Metrologiya İnstitutu", "Azərbaycan Standartlaşdırma İnstitutu" və "Azərbaycan Akkreditasiya Mərkəzi" birləşdirilərək vahid publik hüquqi şəxs formasında yenidən təşkil ediləcək.

Milli.Az