Bakı şəhərinin Yasamal rayonunda, Qanlıgöl ətrafındakı meşəlik ərazi ilə bağlı narazılıqlar səngimir. Ötən ildən burada park salınacağına dair məlumat lövhəsi yerləşdirilsə də, sakinlərin sözlərinə görə, indiyədək real iş görülməyib.
Milli.Az xəbər verir ki, iddialara əsasən, əksinə, ərazidə qurumuş və kəsilmiş ağacların sayı artıb, bəzi hissələrdə isə torpaq qazıntıları aparılır. Yerli sakinlər hesab edirlər ki, park və ya yaşıllıq zonasının yaradılması əvəzinə gələcəkdə yaşayış binalarının inşası planlaşdırıla bilər. Onlar bildirirlər ki, ərazinin yaşıllıq kimi qorunması vacibdir və mümkün tikintiyə qarşı çıxacaqlar.
Tikinti şirkəti isə yayılan narahatlıqlara cavab olaraq açıqlama verib. Şirkətdən bildirilib ki, layihə çərçivəsində məhz park və yaşıllıq zonasının salınması nəzərdə tutulur. İlkin hazırlıq işlərinin görüldüyü, lakin torpaq sahəsinin hüquqi statusunun hələ tam rəsmiləşdirilmədiyi vurğulanıb. Rəsmi prosedurlar başa çatdıqdan sonra layihəyə start veriləcəyi qeyd olunub.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi də münasibət açıqlayıb. Bildirilib ki, 2024-cü ildə Yasamal Rayon İcra Hakimiyyətinin müraciəti əsasında Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən ərazidə qurumuş ağacların götürülməsinə icazə verilib və həmin proses həyata keçirilib. Nazirliyin məlumatına görə, o vaxtdan bu günə qədər şamlıq ərazidə yeni ağackəsmə faktı qeydə alınmayıb.
Asya
Milli.Az