Dünya orbitində fırlanan və artıq istifadə olunmayan peyklər ilə raket hissələrindən ibarət olan təxminən 100 milyon kiloqramlıq "kosmik zibil" böyük təhlükə yaradır. Mütəxəssislər bu nəhəng dağıntının Yer atmosferinə daxil olaraq yerə düşəcəyi tarix barədə xəbərdarlıq edirlər.
Milli.Az xəbər verir ki, orbitdə hazırda 100 milyon kiloqramdan (100 min ton) çox metal və plastik qalıq var. Bu qalıqlar saniyədə kilometrlərlə sürətlə hərəkət edir. Onların böyük bir hissəsi atmosferə daxil olarkən yanaraq yox olsa da, iri parçaların yerə çatması və yaşayış məntəqələrinə zərər verməsi ehtimalı getdikcə artır.
Tədqiqatçılar qeyd edirlər ki, günəş aktivliyinin artması və orbitin həddindən artıq dolması səbəbindən yaxın illərdə, xüsusən 2026-cı ildən başlayaraq bu qalıqların idarəolunmaz şəkildə Yerə düşməsi hadisələri daha tez-tez baş verəcək.
Orbitdəki zibillər bir-birinə çırpılaraq daha kiçik və daha çox sayda zibil yaradır. Bu zəncirvari reaksiya nəticəsində gələcəkdə kosmik səyahətlər və peyk rabitəsi tamamilə qeyri-mümkün ola bilər.
Dünya kosmik agentlikləri (NASA, ESA və s.) bu zibilləri təmizləmək üçün nəhəng torlar, maqnitlər və lazer texnologiyaları üzərində işləyirlər. Lakin hələlik bu milyonlarla kiloqramlıq yükü təmizləyəcək tam effektiv bir sistem mövcud deyil.
Lalə Qüdrətova
Milli.Az