Maqnit qasırğası qış aylarında infarkt və insult yaradır - Necə qorunmalıyıq?

19 Fevral 2026 23:53

Fevralın 16-dan 22-nə qədər geomaqnit sahəsinin aktivləşməsi ilə əlaqədar havada maqnit qasırğası müşahidə olunur. Maqnit qasırğası müşahidə olunan günlərdə meteohəssas insanlar üçün xəbərdarlıq verilir.

Bəs meteohəssas insanlar kimlərdir? Onlar üçün əlverişsiz sayılan hava şəraiti hansı problemlər yaradır? Maqnit qasırğası müşahidə olunan günlərdə hansı tədbirləri görmək lazımdır? Maqnit qasırğaları insan sağlamlığına hansı ciddi təsirləri göstərə bilər və hansı tədbirlər görülməlidir?

Milli.Az bildirir ki, bununla bağlı Trend-in sorğusunu Nizami Tibb Mərkəzi-nin həkim-terapevti Könül Muxtarova cavablandırıb.

Meteohəssaslıq xüsusilə yaşlılarda, ürək-damar xəstəlikləri olan və hipertoniyadan əziyyət çəkən şəxslərdə rast gəlinən real klinik fenomendir

Həkimin sözlərinə görə, meteohəssaslıq atmosfer təzyiqi, temperatur, külək və rütubət dəyişikliklərinə qarşı orqanizmin verdiyi patoloji reaksiyadır:

"Başqa sözlə, bu, bədənin hava şəraitinə qarşı həddindən artıq hiperhəssaslıq reaksiyasıdır. Ölkəmizdə, xüsusən də paytaxtda havaların tez-tez küləkli keçməsi və təzyiqin dəyişkən olması səbəbilə meteohəssaslığa daha çox rast gəlinir".

Maqnit qasırğası qanın laxtalanma prosesinə təsir göstərə, melatonin sekresiyasını artıra və avtonom sinir sisteminə birbaşa təsir edə bilir

Könül Muxtarova bildirib ki, meteohəssaslıq əsasən aşağıdakı qruplarda daha çox rast gəlinir:

"Arterial hipertoniyası olanlar, ürək xəstəlikləri olan şəxslər, miqren xəstələri, stent qoyulmuş pasiyentlər, insult keçirmiş şəxslər, revmatoloji xəstəlikləri olanlar, yuxarı və aşağı tənəffüs yollarının xroniki xəstəlikləri olanlar(xroniki bronxit, xroniki obstruktiv ağciyər xəstəliyi), yaşlılar, hamilələr, psixi-emosional stressə meyilli insanlar".

Maqnit qasırğası zamanı müşahidə olunan simptomlar: aritmiya, miqren, təzyiq dəyişkənliyi, yorğunluq, halsızlıq

Həkim maqnit qasırğasının meteohəssas şəxslərə təsir mexanizminə də aydınlıq gətirib. Onun sözlərinə görə, atmosfer təzyiqinin kəskin dəyişməsi ilk növbədə baş ağrısına səbəb olur:

"Arterial təzyiq ya həddindən artıq yüksələ, ya da enə bilər. Ürək döyüntülərinin sayı dəyişir, aritmiya, başgicəllənmə meydana çıxır. Belə şəxslər tez-tez ürəkbulanma və yuxusuzluqdan əziyyət çəkirlər".

Temperatur dəyişikliklərinin meteohəssas şəxslərə təsiri

"Yay aylarında temperaturun kəskin artması damarların genişlənməsinə səbəb olur. Bu zaman arterial təzyiq enir, susuzlaşma yaranır, ürək döyüntüləri artır və tromboz riski yüksəlir. Bəzi hallarda bu vəziyyət ölümə qədər nəticələnə bilər. Soyuq havalarda isə əksinə, damar daralması baş verdiyi üçün arterial təzyiq kəskin qalxır. Bu, stenokardiya tutmalarına səbəb olur və miokard infarktı riskini artırır".

Yay və qış aylarında risk fərqləri

Könül Muxtarova bildirib ki, maqnit qasırğasının təsir mexanizmi əsasən eynidir, lakin fəsillərə görə risk dəyişir:

"Qış aylarında D vitamini çatışmazlığı səbəbilə immun sistem zəifləyir və bu, hipertoniya və ürəyin işemik xəstəlikləri üçün əlavə risk yaradır.

Qış aylarında müşahidə olunan maqnit qasırğası infarkt və insult riskini artırır

Yay aylarında isə susuzlaşma fonunda bayılmalar və hipotonik hallar daha çox müşahidə olunur. Yaşlı və aşağı təzyiqə meyilli şəxslər üçün yay mövsümündə maqnit qasırğası daha təhlükəlidir.Ürək-damar xəstəlikləri olan şəxslər üçün isə qış aylarındakı maqnit qasırğası daha yüksək risk daşıyır. Bu dövrdə qanın osmotikliyi və simpatik aktivlik artır, nəticədə infarkt və insult riski yüksəlir".

Həkim-terapevt meteohəssas insanlar üçün maqnit qasırğası günlərində tövsiyyələr və mülaicə üsullarından da danışıb:

"Əgər hipertoniyalı xəstə eyni zamanda meteohəssasdırsa, maqnit qasırğası günlərində arterial təzyiq mütləq şəkildə mütəmadi nəzarətdə saxlanmalıdır.

Təzyiq gün ərzində bir neçə dəfə ölçülməlidir. Təzyiq 140/90 mm civə sütunundan yuxarıdırsa, dərman qəbulu vacibdir.

Gündə ən azı 2 litr maye qəbul edilməli, susuzlaşmanın qarşısı alınmalıdır.

Ürək çatışmazlığı olan xəstələr maye miqdarını həkimlə məsləhətləşməlidir. Dərman dozasının artırılması yalnız həkim qərarı ilə aparılmalıdır.

Stressdən uzaq durmaq lazımdır, çünki stress simpatik aktivliyi artırır.

Yuxu rejiminə əməl olunmalı, lazım gələrsə melatonin pozğunluğu üçün həkim məsləhəti alınmalıdır. Su-duz mübadiləsi nəzarətdə saxlanmalı, D vitamini və maqnezium qəbulu tövsiyə olunur. Bəzi hallarda təzyiq dərmanlarının qəbul vaxtı dəyişdirilə bilər, bu da yalnız həkim nəzarəti ilə edilməlidir", o, vurğulayıb.

Milli.Az