Mayk Tayson yenə DÖYÜŞƏCƏK

19 Fevral 2026 11:00

Boks dünyasında növbəti səs-küylü qarşılaşma gündəmdədir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, ağır çəkinin canlı əfsanəsi Mike Tyson ilə karyerasını məğlubiyyətsiz başa vuran ulduz boksçu Floyd Mayweather Jr-nın aprel ayında Konqoda təşkil olunacaq xüsusi tədbirdə üz-üzə gələcəyi bildirilir.

Məlumata əsasən, qarşılaşmanın sərgi döyüşü formatında keçirilməsi planlaşdırılır. Bununla belə, təşkilati məsələlər və rəsmi detalların yaxın günlərdə açıqlanacağı gözlənilir.

Boks tarixində öz izlərini qoymuş iki məşhur simanın mümkün qarşılaşması artıq idman ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Azarkeşlər Taysonun partlayıcı gücü ilə Meyvezerin müdafiə bacarığı və sürəti arasında necə bir rəqabətin yaşanacağını maraqla gözləyirlər.

Ekspertlərin fikrincə, fərqli üsluba malik bu iki boksçunun rinqdə toqquşması hətta sərgi xarakteri daşısa belə, böyük tamaşa vəd edir. Rəsmi təsdiq və döyüşün qaydaları açıqlanacağı təqdirdə, qarşılaşmanın dünya mediasında əsas gündəm mövzularından birinə çevriləcəyi istisna edilmir.

Hüseyn
Milli.Az