Xəbər verdiyimiz kimi, Azərbaycanda su istehlakçıları üçün yeni qiymətlər elan olunacaq. Tarif Şurasının yeni qərarı ilə suyun qiyməti bahalaşacaq. Bundan başqa su təminatı da qaz təminatı kimi limitlə müəyyən olunacaq.
Tarif Şurasının gündəliyində olan yeni təklifə görə, 10 kuba qədər 1 manat 20 qəpik, 10-20 kub arası 1 manat 60 qəpik, 20 kubdan yuxarı isə 2 manatla hesablanması nəzərdə tutulur.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2024-cü il tarixində imzaladığı Sərəncamda su ehtiyatlarının davamlı idarə olunması, maliyyə dayanıqlığının təmin edilməsi və su təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş tarif siyasətinin təkmilləşdirilməsi və diferensiallaşdırılması nəzərdə tutulur.
Qeyd olunub ki, Milli Strategiyada su ehtiyatlarının effektiv idarə edilməsi prioritet istiqamətlərdən biri kimi müəyyən olunub və bu çərçivədə sosial-iqtisadi vəziyyət, investisiya qoyuluşu nəzərə alınmaqla tariflərin diferensiallaşdırılması nəzərdə tutulur. Bu yanaşma su təsərrüfatı sahəsində vahid və təkmil idarəetmə modelinin qurulmasına, dövlət-özəl tərəfdaşlığının inkişafına, maliyyə resurslarının daha səmərəli planlaşdırılmasına xidmət edir. Tarif siyasətinin yenilənməsi su ehtiyatlarının inteqrasiyalı idarə edilməsi sisteminə keçid və xərclərin real iqtisadi əsaslara uyğunlaşdırılması ilə əlaqəlidir. Bu yanaşma tariflərin real istismar, xidmət, texniki qulluq və investisiya xərcləri əsasında formalaşdırılmasını təmin etməyə yönəlib:
"Tədbirlər Planında tariflərin beynəlxalq təcrübə əsasında diferensiallaşdırılması ilə bağlı mexanizmlərin hazırlanması və tətbiqinə başlanılması ayrıca tədbir kimi müəyyən edilib. Tarif siyasətinin əsas məqsədinin yalnız qiymət tənzimlənməsi deyil, bütövlükdə su təsərrüfatı sisteminin modernləşdirilməsi və dayanıqlı maliyyə modelinin qurulmasıdır. Milli Strategiyaya əsasən diferensiallaşdırılmanın sosial-iqtisadi amillər və investisiya ehtiyacları nəzərə alınmaqla, xərclərə əsaslanan model üzrə mərhələli keçidlə, beynəlxalq təcrübəyə uyğun mexanizmlərlə, pilot tətbiqlər və regional qiymətləndirmə yolu ilə həyata keçirilməsi nəzərdə tutulur.
"Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın qarşıya qoyduğu bu kimi hədəflərə uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi müvafiq dövlət qurumuna müraciət ünvanlayıb".
Mina Mikayılova
Milli.Az