Yeganə Mürsəlova Novruz bayramı ilə bağlı səmimi etirafı ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, sənətçi "Xəzər axşamı" verilişində atasının vəfatının bayrama münasibətini dəyişdiyini bildirib. O, qeyd edib ki, atası martın 20-də dünyasını dəyişib, ertəsi gün - ayın 21-də torpağa tapşırılıb. Bu səbəbdən uzun illər Novruzu qeyd etməyiblər və bayram onun üçün sevinc deyil, kədər hissi ilə xatırlanır.
Müğənni bildirib ki, illər keçsə də, həmin tarixlər onun üçün ağır olaraq qalır. O, hazırda anası ilə birlikdə yaşadığını və evini "anamın ocağı" adlandırdığını deyib. Bir vaxtlar Novruz süfrəsi arxasında bacı-qardaşların onun evində toplaşdığını xatırladan ifaçı əlavə edib ki, sonradan anası bu ənənənin düzgün olmadığını bildirib:
"Uşaqları bayram sevincindən məhrum edirik", - deyə sənətçinin sözlərinə görə, anası belə söyləyib.
Yeganə Mürsəlova vurğulayıb ki, atasının vəfatından sonra həm özü, həm də qardaşı ailə qurub, ailəyə oğul övladları gəlib. Anası isə "Allah birini alar, birini verər" deyərək ailəni yenidən bayram əhval-ruhiyyəsinə qayıtmağa təşviq edib.
Musa
Milli.Az