Quru lobyanın ilk qaynama suyu tökülməlidir?

18 Fevral 2026 06:06

Quru lobya bişirərkən çoxumuzun tərəddüd etdiyi məqamlardan biri onun ilk qaynama suyunu atıb-atmamaqdır. 

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, quru lobyanın ilk suyunu tökmək üçün bir neçə ciddi səbəb var.

Lobyanın tərkibində insan orqanizminin həzm etməkdə çətinlik çəkdiyi mürəkkəb şəkərlər (oliqosaxaridlər) var. İlk qaynama zamanı bu maddələr suya keçir. Suyu süzdüyünüzdə lobyanın yaratdığı köp və qarın ağrısı şikayətlərini minimuma endirmiş olursunuz.

Lobyanın qabığında qalan toz, kirlər və fitin turşusu kimi maddələr ilk qaynama suyu ilə kənarlaşdırılır.

İlk su adətən tünd və bulanıq olur. Bu suyu tökmədikdə yeməyin rəngi qaralır və dadı bir az acıtəhər ola bilər.

Lobyanın daha dadlı olması üçün bu ardıcıllıq tövsiyə edilir:

Lobyanı bir gecə öncədən bol suyun içində saxlayın.

İslanmış lobyanı təzə suya qoyub bir neçə dəqiqə (üstündə köpüklər yaranana qədər) qaynadın.

Yaranan köpüklü və bulanıq suyu tamamilə süzün.

Süzülmüş lobyaları təzə qaynar su əlavə edərək digər inqrediyentlərlə (soğan, tomat, ət və s.) birlikdə bişirməyə başlayın.

Bəzi insanlar vitamin itkisi olacağını düşünərək suyu tökmək istəmir. Lakin mütəxəssislər bildirir ki, həzm problemləri yaşamamaq üçün bu suyun atılması vitamin itkisindən daha vacibdir. Quru paxlalılar onsuz da əsas vitaminlərini daxili hissələrində saxlayırlar.

Lalə Qüdrətova
Milli.Az