“Nəsillərin Dialoqu” layihəsi çərçivəsində ikinci konsert baş tutdu - FOTO

17 Fevral 2026 17:41

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında "Nəsillərin Dialoqu" layihəsi çərçivəsində ikinci konsert baş tutdu.

Layihə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşəbbüsüdür və ifaçılıq sənətində ustad-şagird ənənəsinin davamlılığını, nəsillərarası yaradıcılıq dialoqunu nümayiş etdirməyi qarşıya məqsəd qoyur.

Tədbirdə ilk olaraq Azərbaycan Milli Konservatoriyasının rektoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Kamilə Dadaş-zadə çıxış edərək layihənin əhəmiyyətindən bəhs edib, bu cür təşəbbüslərin gənc ifaçıların formalaşmasında mühüm rol oynadığını vurğulayıb.O bildirib ki, belə layihələr gənclərin yaradıcılıq potensialının üzə çıxarılmasına, səhnə təcrübəsinin artırılmasına və peşəkar inkişafına geniş imkanlar yaradır.Konsert proqramında Azərbaycan muğam sənətinin görkəmli nümayəndələri Xalq artisti Mənsum İbrahimov və Əməkdar artist Təyyar Bayramov çıxış etdilər. Onlarla yanaşı, Azərbaycan Milli Konservatoriyasının xanəndəlik ixtisası üzrə tələbələri Gülzar Fərəcova, Günay İmamverdiyeva, Ülkər Abdullayeva, Mirəli Sarızadə və ən gənc nəslin nümayəndəsi Əhəd Ağayev də öz ifası ilə səhnədə yer aldı.

İfaçıları Qarabağ muğam qrupu - Xalq artisti Elçin Həşimov (tar), Əməkdar artist Elnur Əhmədov (kamança), Siyavuş Kərimov (nağara) və Səyyar Teymurov (zərb alətləri) müşayiət etdi.

"Nəsillərin Dialoqu" layihəsi milli musiqi irsimizin qorunması və gənc ifaçıların peşəkar səviyyədə təqdimatı baxımından xüsusi əhəmiyyət daşıyır. Muğamsevərlərin böyük marağına səbəb olan tədbirdə tanınmış xanəndələrin  ifasında "Bayatı-Şiraz", "Segah",  "Şur", "Çahargah" muğam və təsnifləri səsləndirilib. Bu konsert klassik muğam fəlsəfəsini gələcək nəsillərə ötürmək, həm də yeni nəslin fərdi interpretasiyasını bir arada dinləmək imkanı yaratdı.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az