Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) çalışan əməkdaşların əməkhaqlarının ödənilməsinin gecikməsi ilə bağlı iddialar yayılıb.
Milli.Az xəbər verir ki, bu barədə Bakupost.az məlumat yayıb.
İddia olunur ki, yaranmış vəziyyət qurumda baş verən rəhbərlik dəyişiklikləri və paralel şəkildə aparılan genişmiqyaslı yoxlamalarla əlaqəlidir. Hazırda Agentlikdə maliyyə sənədlərinin təftişi həyata keçirilir və bu proses əməkhaqlarının vaxtında köçürülməsinə təsir göstərib.
Məsələ ilə bağlı qurumun mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.
Saytın yazdığına görə, əməkdaşlar arasında narahatlıq artmaqdadır və vəziyyətin yaxın günlərdə aydınlaşacağı gözlənilir.
Qeyd edək ki, Agentliyin sədri Saleh Məmmədov bu ilin fevralın 6-da vəzifəsindən azad edilib. Onun yerinə Vüsal Nəsirli sədr təyin olunub.
Milli.Az