Açıq-aşkar etiraf etdi - "Boşanmalar bizə görə artıb"

16 Fevral 2026 23:37

Türkiyədə psixoloq Esra Özbey sosial media hesabında paylaşdığı videoda boşanma sayının kəskin artmasında ailə terapevtlərini günahlandırıb. Onun sözlərinə görə, mütəxəssislərin fərdi xoşbəxtliyi ön plana çıxarması ailə quruluşuna zərər verir.

Milli.Az-ın xəbərinə göər, Esra Özbey iddia edir ki, ailə terapevtləri pasiyentlərinə evlilikdə ən vacib şeyin "eşq" və "özünü dəyərli hiss etmək" olduğunu aşılamağa başlayandan bəri boşanmalarda partlayış yaşanıb.

Özbeyin fikrincə, daim öz dəyərini və fərdi xoşbəxtliyini düşünən tərəflər arasında dözümlülük (tolerantlıq) azalır və bu da kiçik problemlərin ayrılıqla nəticələnməsinə səbəb olur.

Psixoloq qeyd edir ki, terapiyalarda fərdin xoşbəxtliyinin ailənin birliyindən üstün tutulması müasir dövrdə ailə bağlarını zəiflədir. O, "mən" mərkəzli yanaşmanın "biz" anlayışını məhv etdiyini müdafiə edir.

Özbeyin bu çıxışı cəmiyyətdə və mütəxəssislər arasında iki fərqli cəbhə yaradıb:

Bəzi istifadəçilər müasir psixologiyanın insanları həddindən artıq fərdiyyətçi etdiyini və ailə fədakarlığını köhnəlmiş bir anlayış kimi təqdim etdiyini düşünür.

Digər mütəxəssislər isə boşanmaların əsl səbəbinin iqtisadi çətinliklər, şiddət, xəyanət və dəyişən cəmiyyət normaları olduğunu bildirirlər. Onlara görə, psixoloqun vəzifəsi fərdi sağlamlığı qorumaqdır, çünki bədbəxt fərdlərdən sağlam ailə qurmaq mümkün deyil.

Lalə Qüdrətova
Milli.Az