M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində musiqisevərlər üçün klassik konsert proqramı keçirildi. Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxaraq dinləyicilərə zəngin və çoxşaxəli repertuar bəxş etdi. Orkestrə dirijor Mustafa Mehmandarov rəhbərlik edirdi.
Konsert proqramı Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndələrinin əsərlərindən tərtib olunmuşdu. Gecə Azər Rzayevin "Simfonik lövhələr" əsəri ilə açıldı. Daha sonra bəstəkarın violin, viola və orkestr üçün ikili konserti səsləndirildi. Əsərin ifasında solistlər - violin ifaçısı Səbinə Quliyeva və viola ifaçısı Səbuhi Axundov çıxış edərək yüksək peşəkarlıq nümayiş etdirdilər.
Proqram Fikrət Əmirovun "Böyük dayaq" kinofilminin musiqisi əsasında yazılmış simfonik süita əsəri ilə davam etdi. Dirijor Mustafa Mehmandarovun işləməsində təqdim olunan süita orkestrin tembr imkanlarını və dramatik ifadə gücünü parlaq şəkildə üzə çıxardı.
Gecənin son nömrəsi isə Cavanşir Quliyevin zurna və orkestr üçün uvertürası oldu. Əsərin solisti zurna ifaçısı Məqsəd Əzizov idi. Milli nəfəs alətinin orkestr ilə sintezi dinləyicilər tərəfindən böyük maraq və alqışla qarşılandı.
Zəngin proqramı və uğurlu ifaları ilə seçilən konsert dinləyicilər tərəfindən rəğbətlə qarşılandı və uzun sürən alqışlarla yekunlaşdı.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az