Bir vaxtlar dolu olan terminal indi səssizdir - Bazar doydu, yoxsa qiymətlər qorxudur?

16 Fevral 2026 15:20

Bir zamanlar iynə atsan yerə düşməyən Bakı gömrük terminalının parklanma sahəsi indi demək olar ki, boşdur. Əvvəllər avtomobillərlə dolu olan ərazi hazırda sakit mənzərə ilə diqqət çəkir.

Milli.Az xəbər verir ki, müşahidə olunan bu dəyişiklik ötən ilin sonuna qədər davam edən kütləvi idxal artımının dayanması ilə əlaqələndirilir. 2026-cı ildən avtomobillərə tətbiq edilən gömrük və vergi güzəştlərinin başa çatması bazara birbaşa təsir göstərib. Nəticədə həm fərdi alıcılar, həm də iri dilerlər yeni avtomobil sifarişində daha ehtiyatlı davranırlar.

İqtisadçılar bildirirlər ki, bu vəziyyət gözlənilən idi. Çünki ötən ilin son aylarında bazarda ciddi aktivlik müşahidə olunurdu və bir çox alıcı gələcək dövr üçün planlaşdırdığı alışları öncədən reallaşdırdı. Bu isə bazarda süni şəkildə yüksək tələbat və ardınca doyma effekti yaratdı.

İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, 2025-ci ilin sonuna qədər davam edən güzəşt mərhələsi bazarda müvəqqəti canlanma yaratsa da, sonradan durğunluq qaçılmaz oldu:

"Vergi üstünlüklərinin aradan qalxması alıcıların seçimlərinə də təsir edib. Əvvəllər yeni və xüsusilə hibrid modellərə maraq yüksək idisə, indi diqqət daha çox ikinci əl avtomobillərə yönəlir. Bu dəyişiklik qiymət siyasətində də özünü göstərməyə başlayıb".

Nəqliyyat mütəxəssisi Eldəniz Cəfərov isə idxalın azalmasını təkcə güzəştlərin bitməsi əlaqələndirmir, digər iqtisadi amillərin də rol oynadığını bildirib. 

Ekspertin fikrincə, 2026-cı il avtomobil bazarı üçün uyğunlaşma mərhələsi olacaq. Hazırkı səngimənin uzunmüddətli olmayacağı, 2027-ci ildən etibarən idxal göstəricilərinin tədricən sabitləşəcəyi proqnozlaşdırılır. 

Asya
Milli.Az