Nazirlər Kabineti əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlə bağlı qaydalarda dəyişiklik edib. Yeniliyə əsasən, artıq "bülleten pulu" bütün sığorta olunan şəxslərə 100 faiz həcmində ödəniləcək.
Milli.Az xəbər verir ki, əvvəllər bu ödəniş sığorta stajından asılı olaraq 60, 80 və ya 100 faiz nisbətində hesablanırdı. Yeni qərarla isə staj fərqi aradan qaldırılır və hər kəs üçün vahid tam ödəniş prinsipi tətbiq olunacaq.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, əvvəlki qaydalar bütün işçilərə eyni şəkildə şamil olunmurdu:
"Dəyişiklik nəticəsində həm uzunmüddətli, həm də nisbətən az stajı olan işçilər eyni hüquqa malik olacaq və xəstəlik dövründə maaş itkisi tam şəkildə kompensasiya ediləcək".
Qeyd edək ki, qüvvədə olan tələblərə görə, bu müavinət ən azı 6 ay iş stajı olan şəxslərə verilir. Eyni zamanda ödənişin məbləği aylıq vəzifə maaşının iki mislindən və ya minimum pensiyanın 25 qatından artıq ola bilməz. Yeni qərarın may ayından tətbiq ediləcəyi bildirilib.
Aysel
Milli.Az