ABŞ-də maliyyəçi Ceffri Epşteyn ilə bağlı istintaq çərçivəsində açıqlanan milyonlarla sənəd beynəlxalq rezonans doğurub. Sənədlərdə müxtəlif siyasətçilərin və ictimai fiqurların adlarının hallanması diqqət çəkir. Onların sırasında Fransa prezidenti Emmanuel Makronun da adının çəkildiyi bildirilir.
Milli.Az xəbər verir ki, məlumata görə, açıqlanan materiallarda Makronun adı həm 2017-ci ildə prezident seçilməzdən əvvəlki dövrə, həm də sonrakı illərə aid bəzi sənədlərdə yer alır. Həmçinin mediada yayılan məlumatlarda Makronun üzü senzura edilmiş gənc bir qadınla birlikdə göründüyü fotoşəkilin istintaq materialları arasında olduğu iddia edilir.

Qeyd edək ki, adın sənədlərdə çəkilməsi hər hansı hüquqi məsuliyyət və ya təqsir anlamına gəlmir. Rəsmi qurumlar tərəfindən Makrona qarşı irəli sürülmüş ittiham yoxdur.
Fransa prezidenti daha əvvəl məsələ ilə bağlı açıqlamasında bunun ABŞ məhkəmə sisteminin işi olduğunu bildirib və istintaqın şəffaf aparılmasının vacibliyini vurğulayıb. O, qurbanlarla bağlı narahatlığını ifadə edərək həqiqətin üzə çıxmasının əhəmiyyətini qeyd edib.
Milli.Az