Çox vaxt makaron suyunu süzərkən və ya tıxanmış boruları açmaq məqsədilə çanağa qaynar su tökürük. Lakin Dr. İbrahim Alataş bildirir ki, bu "sadə" görünən hərəkət əslində evinizin santexnika sisteminə bomba qoymaq kimidir.
Milli.Az xəbər verir ki, müasir binaların əksəriyyətində santexnika boruları plastikdən (PVC) hazırlanır. Bu boruların istiyə dözümlülük həddi adətən 60-70°C arasındadır.
100 dərəcəlik qaynar su birbaşa boruya daxil olduqda plastik yumşalır, əyilir və ya birləşmə yerlərindən qopur. Bu isə gələcəkdə divar daxili sızmalara və qonşunun evini su basmasına səbəb olur.
Lavabonun düz altında yerləşən "U" formalı sifon və onu birləşdirən rezin contalar qaynar suyun təsirindən tez sıradan çıxır.
Rezinlər bərkiyir və çatlayır, nəticədə lavabonun altından su damcılamaya başlayır.
Əgər boruda yağ qalığı yığılıbsa, qaynar su həmin yağı əridib daha dərinə aparır. Soyuduqda isə yağ daha uzaq və əlçatmaz bir yerdə donaraq borunu tamamilə bağlayır.
Anidən temperatur dəyişikliyi (məsələn, soyuq çanağa qaynar su tökmək) keramika və ya mirmər səthlərdə "termal şok" yaradaraq mikro çatlara, hətta çanağın parçalanmasına gətirib çıxara bilər.
Nə etməli?
Əgər qaynar su tökmək məcburiyyətindəsinizsə (məsələn, yemək bişirərkən), mütləq eyni vaxtda soyuq su kranını da açın ki, suyun temperaturu borulara çatana qədər düşsün.
Boruları açmaq üçün qaynar su yerinə sirkə və soda qarışığından istifadə edib, üzərinə sadəcə "ilıq" (isti deyil) su tökmək daha təhlükəsizdir.
Qaynar suyu birbaşa drenaj dəliyinə deyil, kənarlara toxunaraq və ya bir az soyudaraq tökün.
Lalə Qüdrətova
Milli.Az