Cənubi Afrikanın ən hündür yaşayış binası olan Ponte City mərkəzindəki 54 mərtəbəli nəhəng silindrik boşluqla dünyada bənzəri olmayan bir memarlıq nümunəsidir. Bir vaxtlar zənginliyin rəmzi olan, daha sonra isə cinayətkarlıq yuvasına çevrilən bu bina bu gün minlərlə insanın evinə çevrilib.
Milli.Az xəbər verir ki, 1975-ci ildə tikilən və 173 metr hündürlüyündə olan bu binanın ən fərqli xüsusiyyəti daxilindəki nəhəng boşluqdur. Memarlar mənzillərin həm içəri (boşluğa), həm də çölə baxaraq daha çox günəş işığı almasını təmin etmək üçün bu üsulu seçiblər. Bu boşluq binanın təməlindən damına qədər uzanır.
Ponte City ilk illərində Yohannesburqun ən nüfuzlu ünvanı idi. Lakin 1980-ci illərin sonunda ölkədəki siyasi və sosial vəziyyətin pisləşməsi ilə bina dəstələrin və narkotik satıcılarının nəzarətinə keçdi. Mərkəzdəki boşluq zibillə dolmuşdu və bina "yaşayan cəhənnəm" kimi tanınmağa başlamışdı.
2000-ci illərdən sonra binada ciddi təmizlik və bərpa işləri aparıldı. Bu gün Ponte City-də təxminən 3000 insan yaşayır. Binanın daxilində marketlər, uşaq bağçaları və idman meydançaları var. Sakinlər buranı artıq təhlükəli bir qala deyil, hər kəsin bir-birini tanıdığı "şaquli məhəllə" kimi görürlər.
Binanın distopik və qeyri-adi görünüşü bir çox Hollivud rejissorunun diqqətini çəkib. "District 9", "Chappie" və "Resident Evil: The Final Chapter" kimi məşhur filmlərin bəzi səhnələri məhz burada çəkilib.
Lalə Qüdrətova
Milli.Az