Sobada yumurtalı çörək resepti

15 Fevral 2026 08:41

Sobada yumurtalı çörək səhər yeməkləri üçün həm qənaətli, həm də çox dadlı bir seçimdir. Köhnəlmiş çörəkləri dəyərləndirməyin ən yaxşı yoludur.

Milli.Az lazım olan məhsulları təqdim edir:
Çörək: 1 ədəd bayat (köhnə) çörək və ya baton (dilimlənmiş).

Yumurta: 3-4 ədəd.

Süd: Yarım stəkan.

Duru yağ: 2-3 xörək qaşığı (və ya əridilmiş kərə yağı).

Pendir: Yarım stəkan rəndələnmiş holland pendiri (qaşar) və ya ağ pendir.

Ədviyyatlar: Duz, istiot, pul bibər, kəklikotu (zövqə görə).

Göyərti: Xırda doğranmış cəfəri və ya şüyüd.

Hazırlanma qaydası:
Dərin bir qabda yumurtaları yaxşıca çalın. Üstünə südü, yağı, rəndələnmiş pendiri, xırda doğranmış göyərtini və ədviyyatları əlavə edib qarışdırın.

Bayat çörəkləri dilimləyin. Hər bir dilimi hazırladığınız yumurtalı qarışığa batırın. Çörəyin hər iki tərəfinin qarışığı yaxşıca çəkdiyindən əmin olun (lakin çox saxlamayın ki, çörək dağılmasın).

Soba qabına (listə) yağlı kağız sərin. İsladılmış çörək dilimlərini yan-yana düzün. Əgər qabda qarışıq artıq qalıbsa, onu çörəklərin üzərinə paylaya bilərsiniz.

Əvvəlcədən 200°C dərəcədə qızdırılmış sobada çörəklərin üzəri qızarana qədər təxminən 15-20 dəqiqə bişirin.

Qarışığa çox xırda doğranmış rəngli bibərlər və ya sucuk dilimləri əlavə edərək "mini pizza" dadı yarada bilərsiniz.

Soba rejimini son 5 dəqiqədə yalnız "üst" (qrill) rejiminə gətirsəniz, çörəklərin üzəri daha gözəl qızaracaq.

Lalə Qüdrətova
Milli.Az