Xəritədə kiçik bir nöqtə kimi görünməsinə baxmayaraq, Lüksemburq sahib olduğu nəhəng sərvət və vətəndaşlarına təqdim etdiyi ağlasığmaz sosial imkanlarla hər kəsi heyran qoyur. Adambaşına düşən illik gəlirin 140 min dolları keçdiyi bu ölkədə yoxsulluq anlayışı demək olar ki, yoxdur.
Milli.Az xəbər verir ki, Lüksemburq illərdir "Dünyanın ən zəngin ölkəsi" titulunu heç kimə vermir. Güclü bank sektoru, polad sənayesi və Avropanın mərkəzindəki strateji mövqeyi sayəsində ölkə iqtisadiyyatı sarsılmazdır. Burada minimum əmək haqqı belə bir çox inkişaf etmiş Avropa ölkəsinin orta maaşından yüksəkdir.
Lüksemburq dünyada bir ilki reallaşdıraraq, ölkə daxilindəki bütün qatarları, tramvayları və avtobusları həm vətəndaşlar, həm də turistlər üçün tamamilə pulsuz edib. Bu addım həm ekologiyanı qorumaq, həm də tıxacları azaltmaq məqsədi daşıyır.
Ölkədəki sosial dövlət anlayışı o qədər inkişaf edib ki, işsiz qalan və ya müəyyən səbəblərdən işləyə bilməyən şəxslərə verilən dövlət müavinətləri bir çox ölkədəki rəhbər şəxslərin maaşına bərabərdir. Dövlət hər bir vətəndaşının yüksək səviyyəli mənzil şəraitini və qida təminatını zəmanət altına alır.
Lüksemburqda yüksək keyfiyyətli təhsil və müasir tibbi xidmətlər bütün sakinlər üçün tamamilə pulsuzdur. Ölkənin səhiyyə sistemi dünyanın ən mükəmməl sistemlərindən biri hesab olunur və xəstəxanalar ən son texnoloji avadanlıqlarla təchiz edilib.
Ölkə əhalisinin təxminən 47%-ni əcnəbilər təşkil edir. Avropa İttifaqının bir çox vacib qurumu və məhkəmələri burada yerləşir. Üç rəsmi dilin (lüksemburq, fransız və alman) olması və yüksək təhlükəsizlik səviyyəsi buranı yaşamaq üçün dünyanın ən ideal yerinə çevirir.
Lalə Qüdrətova
Milli.Az