Beynəlxalq Muğam Mərkəzində "Unudulmayanlar" layihəsi çərçivəsində unudulmaz xanəndə "Şöhrət", "Şərəf" və "İstiqlal" ordeni laureatı, xanəndə, Xalq artisti Əlibaba Məmmədovun xatirə gecəsi keçirilib.
Xatirə gecəsində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın Mədəniyyət Səfiri Sahib Paşazadə çıxış edərək bildirib ki, Əlibaba Məmmədovun Azərbaycan musiqisinin inkişafında xidmətləri əvəzsizdir. Xanəndənin ifasında olan "Bayatı-Şiraz", "Dəşti", "Şur" və başqa muğam və təsniflər Azərbaycan radiosunun "qızıl fondu"nda qorunub saxlanılır. Ə.Məmmədov 100-dən çox mahnı və təsnifin müəllifidir. Onun bəstəkar kimi müəllifi olduğu mahnıları muğam ifaçıları bu gün də sevərək ifa edirlər. Direktor xanəndənin gənc nəsil muğam ifaçıları üçün hər zaman bir örnək, nümunə olduğunu qeyd edərək sənətkarın Muğam Televiziya Müsabiqəsində münsif kimi hər zaman gənclərə sevərək, böyük sənət eşqi ilə sənətin sirrlərini öyrətdiyini, məsləhətlərini əsirgəmədiyini xatırladı.
Yazıçı- dramaturq İlqar Fəhminin aparıcılığı ilə keçən gecədə xanəndənin həyat və yaradıcılığından söz açılıb. Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov çıxışında bildirib ki,
Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnərək, muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb. Milli muğam ifaçılığı məktəbinin yüksək ənənələrini təbliğ edən görkəmli xanəndə bütün səy və bacarığını istedadlı ifaçı nəslinin yetişdirilməsinə sərf edib. Onun muğam sənətinin incəliklərini aşıladığı tələbələri müxtəlif festivalların, müsabiqələrin qalibi olublar.
Gecədə Xalq artisti Eyyub Yaqubov, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artistlər Sevinc Sarıyeva, İlkin Əhmədov, xanəndələr Nisbət Sədrayeva, Hüseyn Məlikov, Malik Həsənov, Murad Laçın və klarnet ifaçısı Şəmsi Məmmədov çıxış edərək sənətkarın repertuarından muğam , təsnif və unudulmaz mahnıları ifa ediblər. İfaçıları BMM-nin solistlərindən ibarət instrumental heyət tarda Rüstəm Müslümov, kamançada Əməkdar artist Toğrul Əsədullayev,qanunda Məryəm İslamova, balabanda Rəfael Əsgərov, nağarada Siyavuş Kərimov, bəm nağarada Səyyar Teymurov müşayiət edib.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az