"Adını Feriha Koydum" serialı ilə bağlı açılmış məhkəmə işi üzrə qərar verilib.
Milli.Az xəbər verir ki, "Medyapım"ın televiziya tarixində iz qoyan layihələrindən biri olan serialın ssenarisinin 91 yaşlı əfsanəvi qələm sahibi Gülten Dayıoğlunun bestseller əsərlərindən olan "Yeşil Kiraz" ilə oxşarlıq və əlaqə daşıdığı məhkəmə qərarı ilə təsdiqlənib.
Məhkəmə prosesinin yekunlaşmasından sonra serialın prodüseri Fatih Aksoy, ssenaristi Melis Civelek və "Medyapım"ın CEO-su Murat Saygı yazıçı Gülten Dayıoğlunu Gümüşsuyudakı evində ziyarət ediblər. Görüşün nəticəsi olaraq "Medyapım" 2007-ci ildə Gülten Dayıoğlu tərəfindən təsis edilmiş Gülten Dayıoğlu Çocuk ve Gençlik Edebiyatı Vakfının 10 il müddətinə əsas sponsorluğunu üzərinə götürüb.
Bundan əlavə, Gülten Dayıoğlunun əsərlərinin daha geniş auditoriyaya çatdırılması məqsədilə Dayıoğlu Sanat Ltd. ilə əməkdaşlıq çərçivəsində serial və film layihələrinin hazırlanmasına dair mühüm qərarlar qəbul edilib. Bu planlara yazıçının həyat və yaradıcılığını əhatə edən sənədli film layihəsi də daxildir.
Qurulan bu səmərəli əməkdaşlıq uşaq və gənclər ədəbiyyatının dəstəklənməsi, keyfiyyətli əsərlərin yeni nəsillərə çatdırılması və bu sahədə mədəni istehsalın gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. (olay)
Milli.Az