Qiymətli metallar və qiymətli daşlar bazarında mövcud qiymət və tələbat şəraitinin formalaşmasına bir sıra əsas amillər təsir göstərir.
Bunu Milli.Az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.
O bildirib ki, ilk növbədə, qlobal əmtəə bazarında qızılın qiymət dinamikası daxili bazara birbaşa ötürülür.
"Qızıl beynəlxalq maliyyə bazarlarında risklərə həssas aktiv kimi qiymətləndirildiyindən, dünya iqtisadiyyatında qeyri-müəyyənlik, aparıcı valyutaların məzənnəsindəki dəyişikliklər, faiz dərəcələri və investor gözləntiləri qiymətlərdə dalğalanmalar yaradır. Sözügedən dalğalanmalar yerli bazarda xammalın dəyərinə, nəticə etibarilə isə zinət məmulatlarının maya dəyərinə və pərakəndə satış qiymətlərinə təsir edir. Bununla yanaşı, daxili bazarda valyuta məzənnəsi, idxal və təchizat zəncirinin şərtləri qiymətlərin formalaşması və nisbi sabitliyinin təmin olunmasında mühüm rol oynayır".
R. Əmircanov qeyd edib ki, mövcud müşahidələr göstərir ki, bazarda tələbat yüksək səviyyədə deyil və alıcı davranışı əsasən qiymət həssaslığı fonunda formalaşır.
"Alıcılar ağır çəkili və daha yüksək büdcə tələb edən modellərdən çox, gündəlik istifadə üçün münasib, daha əlçatan məmulatlara üstünlük verirlər. Xüsusilə 585 və 750 əyarlı məhsullar, klassik dizaynda üzük, sırğa, bilərzik və boyunbağı kimi məmulatlar daha çox seçilir. Eyni zamanda, hədiyyə məqsədli alışlarda qiymətli və yarımqiymətli daşlı məmulatlara maraq da müşahidə olunur. Seçim meyarlarında yalnız qram çəkisi deyil, dizayn və vizual təqdimat da prioritet təşkil edir; nəticədə alıcılar daha yüngül çəkili, lakin estetik görünüşü və vizual həcmi ilə seçilən modellərə üstünlük verirlər".
İqtisadçı vurğulayıb ki, "Sevgililər Günü" ilə bağlı olaraq bazarda son günlər nəzərəçarpan canlanma müşahidə olunur.
"Ölkəmizdə bu gün rəsmi qeyd edilməsə də, istehlak davranışına təsir edən tarixlər sırasında yer aldığı üçün hədiyyə məqsədli alışların artması təbii hesab olunur. Bununla belə, mövcud artım kütləvi xarakter daşımır və əsasən orta və kiçik büdcəli seçimlər hesabına formalaşır. Nəticə etibarilə, bu kimi xüsusi tarixlər qızıl-zinət bazarında satış dinamikasına qısamüddətli impuls verə bilər. Lakin bu təsir, əsasən, hədiyyə yönümlü alışlarla məhdudlaşır və bazarın ümumi qiymət və tələbat mənzərəsini köklü şəkildə dəyişən amil kimi dəyərləndirilmir. Ümumilikdə isə bazarda vəziyyətin müəyyənləşməsində qlobal qızıl qiymətləri, valyuta məzənnəsi, təchizat zəncirinin şərtləri və alıcıların qiymətə həssaslığı həlledici faktorlar olaraq qalır", - deyə o qeyd edib.
Ayxan
Milli.Az