Avtomobili söndürməzdən əvvəl 30 saniyə gözləməyənlərin vay halına

14 Fevral 2026 08:08

Müasir avtomobillərin əksəriyyəti turbo mühərriklərlə təchiz olunub. Lakin bir çox sürücü mənzil başına çatan kimi mühərriki dərhal söndürür. Bu vərdiş turbo sistemini sıradan çıxarır və sürücüləri minlərlə manatlıq təmir xərcləri ilə üz-üzə qoyur.

Milli.Az xəbər verir ki, turboşarj cihazı mühərrikdən çıxan isti egzoz qazları ilə işləyir və dəqiqədə 150.000-dən çox dövr edə bilir. Bu proses zamanı turbo həddindən artıq qızır.

Mühərriki qəfil söndürdüyünüz zaman turbonun yağlanması dərhal dayanır. Lakin yüksək sürətlə dönən turbo çarxları ətalət hesabına fırlanmağa davam edir.

Yağ dövranı dayandığı üçün turbo milində qalan yağ yüksək temperaturda yanaraq "kömürləşir".

Bu qalıqlar zamanla turbo milini və podşipnikləri (podşipnik) zədələyir, nəticədə turbonun sıradan çıxmasına səbəb olur.

Mütəxəssislər tövsiyə edir ki, avtomobili saxladıqdan sonra mühərriki söndürməzdən əvvəl 30-60 saniyə arası "boşda" işləməsinə icazə verin.

Bu müddət ərzində yağ dövranı davam edir, turbonun temperaturu normal səviyyəyə düşür və milin sürəti azalır. Beləliklə, sistem təhlükəsiz şəkildə soyuyur.

Əgər avtomobili yüksək sürətlə və ya uzun məsafədə sürmüsünüzsə, bu gözləmə müddəti daha da vacibdir. Magistral yolda yanacaqdoldurma məntəqəsinə daxil olan kimi mühərriki söndürmək turbo üçün ən böyük düşməndir.

Lalə Qüdrətova
Milli.Az