Türkiyədən havalanan təyyarədə dəhşətli dava: Salon qan içində qaldı - VİDEO - FOTO

13 Fevral 2026 21:50

Türkiyədən Mançesterə gedən sərnişin təyyarəsində ingilis sərnişinlər arasında çıxan şiddətli dava kabini döyüş meydanına çevirib. Yumruqların havada uçuşduğu, yerə qan və dişlərin töküldüyü hadisədən sonra təyyarə Belçikanın Brüssel şəhərinə təcili eniş edib. Hadisəni törədən şəxslər ömürlük "qara siyahı"ya salınıb.

Milli.Az xəbər verir ki, sərnişinlər tərəfindən qeydə alınan görüntülərdə tərəflərin təyyarə dəhlizində bir-birinə yumruq atdığı, yerdə boğuşduğu və qışqırıqların yüksəldiyi görünür. Qısa müddətdə nəzarətdən çıxan hadisə təyyarədəki ailələr və yaşlı sərnişinlər arasında böyük təşvişə səbəb olub.

Şahidlərin dediyinə görə, oturacaqların üzərində qan ləkələri, yerdə isə qırılmış diş parçaları olub. İddialara görə, dava bir sərnişinin digərinin mobil telefonunu əlindən almağa çalışması ilə başlayıb və sürətlə böyüyüb.

Təhlükəsizlik səbəbi ilə pilot marşrutu dəyişərək Brüsselə eniş edib. Enişdən dərhal sonra Belçika polisi təyyarəyə daxil olaraq iki nəfəri saxlayıb. Təyyarənin pilotu 30 illik karyerası ərzində ilk dəfə bu dərəcədə şiddət ehtiva edən bir hadisənin şahidi olduğunu bildirib.

Sərnişinlərin verdiyi məlumata görə, saxlanılan şəxslərdən biri həddindən artıq sərxoş olub. Davadan əvvəl həmin şəxs kabin heyəti ilə təyyarədə siqaret çəkməyə çalışdığı üçün mübahisə edib və ətrafdakılara qarşı irqçi ifadələr işlədib.

Aviaşirkət baş verənləri "qəbulolunmaz və qorxunc" adlandıraraq, hadisədə iştirak edən sərnişinlərin ömürlük uçuş qadağası ilə "qara siyahı"ya salındığını elan edib.

Lalə Qüdrətova
Milli.Az