"Gənclik Mall"ın ətrafı tam dəyişəcək - açıqlama

13 Fevral 2026 21:06

Gənclik metrosu ətrafında aparılan müşahidələr göstərir ki, zolaqların çoxluğu əslində tıxacı artıran amillərdən biridir. Avtomobillər zolaqlara bölünsə də, axının nizamsızlığı səbəbindən qısa müddətdə sıxlıq yaranır. Pik saatlarda bu yığılma bütün zolaqlara yayılır və yaxın küçə və prospektlərdə də sıxlıq yaradır. Zolaqların sayı tıxacın ölçüsünü artıran faktor kimi görünür. Bu araşdırma göstərir ki, ərazidə hərəkət axını və zolaqların təşkili daha diqqətlə öyrənilməlidir.

Milli.Az bildirir ki, problem ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrat.az-a bildirib ki, Gənclik metrosunun qarşısında zolaqların sayı kifayət qədər çoxdur:

"Lakin problem zolaq çoxluğundan qaynaqlanmır. Əsas sıxlıq "Gənclik Mall" istiqamətinə dönən nəqliyyat vasitələrinin yaratdığı yüklənmə ilə bağlıdır. Bu istiqamətə sağa dönən avtomobillər həm işıqfora, həm də piyada keçidinə görə dayanmalı olur. Nəticədə həmin nöqtədə ləngimə yaranır. Dönən avtomobillərin sayı çox olduğundan bu ləngimə qısa vaxtda yığılıb tıxaca çevrilir. Arxa hissədə zolaqların çox olmasına baxmayaraq, tıxac bütün zolaqlara yayılır".

O, deyib ki, məhz hərəkətin bu nöqtədə dayanması və axının kəsilməsi ilə bağlıdır:

"Bu səbəbdən ərazidə hərəkətin təşkili ilə bağlı müəyyən təkliflər hazırlanıb. Yeraltı parkinqə girişin daha rahat təşkili və dönüş trayektoriyasının dəyişdirilməsi ilə bağlı variantlar müzakirə olunub.

Bu dəyişikliklər tətbiq edilərsə, həmin nöqtədə yaranan sıxlığın əhəmiyyətli dərəcədə azalacağı gözlənilir. Hazırkı vəziyyətdə isə bu sahədə tıxac günün əksər saatlarında müşahidə olunur".

Milli.Az