M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində "Baxın kölgəsində" adlı möhtəşəm konsert proqramı təqdim olundu. Dirijor Əyyub Quliyevin rəhbərliyi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə solistlər - İrina Bısova (faqot) və Alim Sadıxov (qoboy) dinləyicilər qarşısında çıxış edib.
Proqram Barokko dövründən XX əsrədək uzanan musiqi xəttində, böyük alman bəstəkarı İ.S.Bach-ın yaradıcılığına və onun musiqi irsinin müxtəlif dövrlərdə necə əks-səda tapmasına həsr olunmuşdu.
Konsertdə İ.K.Bach-ın 2 nömrəli Simfoniyası (Es-dur, op.9), A.Marcello-nun Qoboy və orkestr üçün konserti (d-moll) və İ.S.Bach-ın faqot və orkestr üçün konserti (Es-dur) səsləndi.
Proqramın növbəti hissəsində XX əsr musiqisinin baxış bucağı təqdim olundu. H.Villa-Lobos-un 4 nömrəli "Braziliya Baxianası" əsəri Braziliya milli musiqi elementləri ilə Bach polifoniyasının sintezini parlaq boyalarla nümayiş etdirdi.
Ardınca A.Pärt-ın "Bach" mövzusuna kollajı ("Toccata", "Sarabande", "Ricercar") səsləndi. Minimalist üslubda yazılmış bu əsər barokko formalarına müasir fəlsəfi yanaşmanı əks etdirərək dinləyiciləri düşüncəli və meditativ atmosferə köklədi.
Konsert latviyalı bəstəkar P.Vasks-ın "Cantabile" əsəri ilə yekunlaşdı. Dərin lirizm və daxili dramatizm üzərində qurulan bu kompozisiya axşamın emosional kulminasiyası oldu.
"Baxın kölgəsində" adlı konsert proqramı müxtəlif dövrlərin musiqi dillərini bir səhnədə birləşdirərək, böyük ustadın irsinin zaman və məkan sərhədlərini aşan təsirini bir daha nümayiş etdirdi. Axşam tamaşaçılar tərəfindən alqışlarla qarşılandı və uzun müddət yaddaşlarda qalacaq musiqi hadisəsinə çevrildi.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az