Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov yeni reabilitasiya mərkəzi açır.
Milli.Az xəbər verir ki, bunu o, özü açıqlayıb.
İxtisasının həkimlik olduğunu bildirən C.Əsgərov qeyd edib ki, 23 il jurnalist kimi fəaliyyət göstərib. Söyləyib ki, reabilitasiya sferası ilə tanış olanda bunun insanlar üçün nə qədər vacib olduğunu anlayıb:
"İnsanlar asılılığın nə olduğunu tam bilmir, buna barmaqarası baxırlar. Əslində, asılılıq ölümcül xəstəlikdir, hətta deyərdim ki, xərçəngdən də ağırdır".
Bildirib ki, bu sahə ölkəmizdə son 5-6 ildir ki, inkişaf etməyə başlayıb və məqsədinin bu sahədə olan mövcud çatışmazlıqların aradan qaldırılması olduğunu vurğulayıb:
"Asılı gənclərimizin bu bəladan qurtulması üçün vasitəçi olmaq niyyətimdəyəm".
Jurnalist hesab edir ki, bu sahədə qanun yoxdur və mütləq şəkildə reabilitasiyalar haqqında qanun qəbul edilməlidir:
"Digər tərəfdən, reabilitasiya mərkəzlərinin çoxu ictimaiyyət üçün qapalıdır. Açıq və yeni modellər hazırlayıb cəmiyyətə təqdim etmək lazımdır ki, əlavə suallar yaranmasın".
Mina Mikayılova
Milli.Az