13 fevral tarixində ən böyük IT şirkətlərinin səhmlərində kəskin eniş baş verib və bunun nəticəsində ABŞ bazarı kapitalizasiyada 1 trln dollar itirib.
Milli.Az xəbər verir ki, bu barədə The Financial Express məlumat yayıb.
Qəzetin yazdığına görə, investorlar texnologiya və nəqliyyat sektoru da daxil olmaqla riskli aktivlərdən kütləvi şəkildə çıxıblar. Bu fonda daha qoruyucu hesab edilən aktivlərə - kommunal xidmət və daşınmaz əmlak şirkətlərinin səhmlərinə tələbat artıb.
Belə ki, NASDAQ Composite indeksi ticarətin yekunlarına əsasən 2.03% itirərək 22 597.15 bəndə düşüb. S&P 500 indeksi 1.6% azalaraq 6 832.76 bənd olub. Dow Jones Industrial Average indeksi isə 1.34% geriləyərək 49 451.98 bənd səviyyəsində bağlanıb.
Xüsusilə fərdi kompüter istehsalçıları sektoru ciddi itkilərlə üzləşib. Buna səbəb Çinin Lenovo şirkətinin yaddaş çiplərinin çatışmazlığı fonunda tədarük problemləri barədə xəbərdarlığı olub. Bu açıqlamadan sonra HP səhmləri 4.5%, Dell Technologies səhmləri isə 9% ucuzlaşıb.
Nəqliyyat sektoru da əhəmiyyətli azalma göstərib. Dow Jones Transport Average indeksi 4% enib. Expeditors International şirkətinin səhmləri isə 13.2% dəyər itirib.
Ayxan
Milli.Az