Fransanın hüquq-mühafizə orqanları Parisdə yerləşən Luvr muzeyinə giriş sənədləri ilə bağlı qanunsuz əməliyyatlarda ixtisaslaşmış iri cinayətkar qrupu zərərsizləşdiriblər. Doqquz şübhəli saxlanılıb, onların arasında muzeyin iki ştat əməkdaşı da var.
Milli.Az xəbər verir ki, bu barədə Le Parisien nəşri məlumat yayıb.
Bildirilib ki, əməliyyat 10 fevral tarixində həyata keçirilib. İstintaqın versiyasına görə, dələduzluq sxemi 2024-cü ilin yay mövsümündən fəaliyyət göstərib. Sxemdə muzey əməkdaşları ilə yanaşı, kənar bələdçilər və turizm şirkətlərinin işçiləri də iştirak ediblər. Sui-istifadə hallarında iştirak edən şəxslər müəyyən edilmiş 20 nəfərlik limitdən artıq turist qruplarının muzeyə daxil olmasını təşkil ediblər. Ziyarətçilərdən rəsmi kassalardan kənar satılan biletlər üçün şişirdilmiş ödənişlər alınıb. Mənbələrin məlumatına görə, əsas hədəf Çindən gələn turistlər olub.
Mədəniyyət müəssisəsinin rəsmi nümayəndəsi bildirib ki, dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr bilet sahəsində fırıldaqçılığın "artması və şaxələnməsi" problemi ilə üzləşib.
Hadisə muzeydə müşahidə olunan ümumi idarəetmə çətinlikləri fonunda baş verib. Ötən ilin oktyabrında muzeydə oğurluq qeydə alınıb. Bundan əlavə, əməkdaşlar dəfələrlə tətil edərək ştatın genişləndirilməsi, maaşların artırılması və texniki xidmətin yaxşılaşdırılması tələblərini irəli sürüblər.
Hazırda dələduzluq şəbəkəsinin fəaliyyəti ilə bağlı istintaq tədbirləri davam etdirilir.
Ayxan
Milli.Az