Fevralın 12-nə keçən gecə 64 yaşlı Rəşad Əliyevin Nardaran qəsəbəsindəki evində dəm qazından boğularaq öldüyü hadisə ilə bağlı bəzi detallar üzə çıxıb.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisəyə bağ evinin zirzəmisində quraşdırılmış kombi səbəb olub.
Belə ki, kombi aparatının yanmış dəm qazının çölə ötürən hissəsində yaranmış nasazlıq karbon monoksidin zirzəmiyə dolmasına səbəb olub. Daha sonra dəm qazı yuxarı mərtəbəyə qədər yayılıb və evdə olan Rəşad Əliyevlə həyat yoldaşı Dilarə Əliyevanın zəhərlənməsinə səbəb olub. R.Əliyev hadisə yerində vəfat edib. Həyat yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, 64 yaşlı Rəşad Əliyev əvvəllər yüksək vəzifələrdə çalışıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, R.Əliyev son illərdə özəl sektorda bir sıra böyük şirkətlərə rəhbərlik edib. Belə ki, Rəşad Əliyev 90-cı illərdə Dövlət Baş Xəzinədarlığının direktor müavini, Qiymətli Kağızlar və Bank Əlaqələri Departamentinin rəisi, Baş nazirin birinci müavininin köməkçisi və digər yüksək vəzifələri tutub.
O, daha sonra bizneslə məşğul olmağa başlayıb. "Toyota Bakı Mərkəzi"nin baş direktoru, "İSR Avto"nun direktoru, "İmprotex Motors"un baş meneceri, eləcə də STP-də fəaliyyət göstərən bir sıra şirkətlərin rəhbəri olub. 2025-ci ilin noyabrından isə "IZIA Development" şirkətinin direktoru kimi çalışırmış.
Rəşad Əliyevin atası Firudin Əliyev də tanınmış şəxs olub. O, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9-10-cu çağırış deputatı olub. "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif edilmiş F.Əliyev 1983-cü ildə vəfat edib. O, Birinci Fəxri xiyabanda dəfn olunub.
Onu da qeyd edək ki, Rəşad Əliyev məşhur polis zabiti, AFFA-nın keçmiş vitse-prezidenti, "Qara polkovnik" ləqəbli Fətulla Hüseynovun bacısı oğludur. Rəşad Əliyevin anası Roza Əliyeva Dövlət İdarəçilik Akademiyasının dosentidir.
Milli.Az