Lökbatanda bina yandı - sakinlər təxliyə olundu - YENİLƏNİB - VİDEO

12 Fevral 2026 23:51

Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, B. Niftəliyev küçəsi 32 ünvanında baş verən yanğın zamanı tüstüdən zəhərlənənlərin adları və vəziyyətləri məlum olub.

Milli.Az xəbər verir ki, tüstüdən zəhərlənənlər 1971-ci il təvəllüdlü Həsənova Gülər Həsən qızı, 2004-cü il təvəllüdlü Xəlilova Nərmin Vüqar qızı və 2024-cü il təvəllüdlü Xəlilova Elza Şahmaz qızıdır.

Onların hazırda Kliniki Tibbi Mərkəzdə müalicələri davam etdirilir, vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.

----------

Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində pilləkən qəfəsində quraşdırılmış elektrik sayğaclarında baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 10 ədəd elektrik sayğacı və qoruyucu açar yanıb.

Yanğınsöndürənlər tərəfindən tüstünün təsirinə məruz qalmış mənzillərdə köməksiz vəziyyətdə qalan 2-si azyaşlı olmaqla 3 nəfər xilas olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Mənzillər və yaşayış binası yanğından mühafizə olunub.

Milli.Az