Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu gün ictimaiyyətə təqdim etdiyi videomaterialda Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kimliyi açıqlanmayan bir qadınla telefon danışığına dair hissə yer alıb.
Milli.Az APA-ya istinadən bildirir ki, həmin danışıq əsnasında Ramiz Mehdiyev qarşı tərəfdən Azərbaycanda "dövlət idarəetmə sisteminin dəyişdirilməsi" ilə əlaqədar - mahiyyət etibarilə dövlət çevrilişindən sonrakı idarəetmə modelini əks etdirən hazırladığı sənədi kimə ünvanlaması barədə məsləhət soruşur.
Yayılan videogörüntülərdə sözügedən qadının kimliyi barədə məlumat verilməyib.
Qeyd edilib ki, həmin xanım Rusiya Elmlər Akademiyasının (REA) əməkdaşıdır və R.Mehdiyevin Rusiyanın təhlükəsizlik qurumları ilə əlaqələrində vasitəçi rolunu oynayıb. Mənbənin məlumatına görə, Mehdiyev AMEA-ya rəhbərlik etdiyi müddətdə (2019-22) Rusiyadakı kuratorları ilə əlaqəni məhz REA daxilindəki təhlükəsizlik orqanlarının agentləri vasitəsilə qurub.
Xatırladaq ki, Ramiz Mehdiyev 19 fevral 2022-ci ildə AMEA prezidenti postundan uzaqlaşdırılıb. Bu qərardan cəmi üç ay öncə - 2021-ci ilin 25-26 noyabr tarixlərində o, Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevin başçılıq etdiyi nümayəndə heyətini Bakıda qəbul edib. Mehdiyev qonaqları Heydər Əliyev Beynəlxalq Hava Limanında şəxsən qarşılayıb və AMEA-da baş tutan görüş zamanı ona REA-nın xatirə medalı təqdim edilib.
Beynəlxalq mətbuatda və müxtəlif araşdırmalarda Rusiya kəşfiyyat orqanlarının (xüsusən də FTX-nin) Rusiya Elmlər Akademiyasında və digər elmi qurumlarda ciddi nəzarət mexanizmlərinə və agentura şəbəkəsinə malik olduğu dəfələrlə vurğulanıb. SSRİ dövründən miras qalan bu sistem çərçivəsində kəşfiyyat zabitləri bəzən REA-da "məsləhətçi" və ya "ekspert" qismində fəaliyyət göstərirlər. Mənbə qeyd edir ki, Ramiz Mehdiyevin təmasda olduğu qadın da məhz bu qəbildən olan "ekspert"lərdən biridir.
Həmin şəxsin kimliyi müəyyən edilsə də, istintaq sirri olduğu üçün hələlik ictimaiyyətə açıqlanmır.
Milli.Az