Gürcüstan hökuməti parlamentə 6 ildən köhnə minik avtomobillərinin ölkəyə gətirilməsini qadağan edən qanun layihəsini təqdim edib.
Milli.Az xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Kobaxidze açıqlama verib.
Baş nazir bildirib ki, müəyyən kiçik istisnalar nəzərdən keçiriləcək, lakin əsas məqsəd ekologiyanın qorunması, insanların sağlamlığı və əhalinin rahat hərəkətinin təmin edilməsidir. Kobaxidze qeyd edib ki, idxalın məhdudlaşdırılması təşəbbüsü Daxili İşlər Nazirliyi tərəfindən irəli sürülüb.
Kobaxidze həmçinin bildirib ki, son illərdə Gürcüstanda nəqliyyat vasitələrinin sayı kəskin artıb. "2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idisə, 2025-ci ildə bu rəqəm 2 milyonu keçib. Nəqliyyat vasitələrinin sayının artması tıxaclara və ekoloji problemlərə səbəb olur. Bu səbəbdən tədbirlər görülməlidir", - deyə baş nazir vurğulayıb.
Qeyd edilib ki, minik avtomobillərinin idxalı və ixracı Gürcüstanın xarici ticarətində ilk sırada yer alır. 2025-ci ildə ölkə 3.87 milyard dollar dəyərində minik avtomobili idxal edib ki, bu da 2024-cü illə müqayisədə 11.5% çoxdur və ümumi idxalın 20.9%-ni təşkil edir. Eyni zamanda, reeksport 16% artaraq 2.8 milyard dollara çatıb və ölkə ixracının 38%-dən çoxunu təşkil edib.
Əsas idxal ABŞ, Yaponiya və Almaniyadan, reeksportun əsas istiqamətləri isə Qırğızıstan, Qazaxıstan və Azərbaycan olub.
Ayxan
Milli.Az