2026-cı ilin yanvar ayında Azərbaycanda bank sektorunda müştəri narazılıqları ilə bağlı statistik göstəricilər diqqət çəkən mənzərə ortaya qoyub. Hesabatlara əsasən, ən çox şikayət edilən banklar sırasında "Bank Avrasiya" və "AFB Bank" ilk yerlərdə qərarlaşıb.
Milli.Az xəbər verir ki, ilk üçlüyü isə "Bank BTB" tamamlayıb. Bu göstərici bank sektorunda xidmət keyfiyyəti, müştəri məmnuniyyəti və korporativ idarəetmə ilə bağlı müzakirələri yenidən aktuallaşdırıb.


Rəsmi məlumatlara görə, 2025-ci ilin sonunda "AFB Bank"ın cəmi aktivləri 423 milyon manat təşkil edib. Bankın kredit portfeli isə təxminən 300 milyon manat olub. Bu göstəricilər bankın bazardakı payının hələ orta seqmentdə olduğunu göstərir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Azərbaycanın iri banklarının aktivləri artıq bir neçə milyard manatla ölçülür və bu fonda "AFB Bank"ın milyardlıq bank statusuna yüksəlməsi kifayət qədər ciddi struktur və kapital artımı tələb edir.
Digər tərəfdən, 2025-ci ilin bank üçün tam uğurlu keçdiyini söyləmək çətindir. Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, maliyyə institutunun fəaliyyətində normativ tələblərin pozulması halları qeydə alınıb. Ötən ilin fevral ayında tənzimləyici qurum tərəfindən banka icrası məcburi sərəncam verilib. Həmin ilin sentyabr ayında isə bankın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub. Nəticədə "AFB Bank" 50 min manat, bankın məsul şəxsi isə 10 min manat məbləğində cərimələnib.
Ekspertlərin fikrincə, bank sektorunda sürətli böyümə yalnız aktivlərin artımı ilə deyil, həm də risklərin effektiv idarə olunması, korporativ şəffaflıq və müştəri etimadının formalaşdırılması ilə ölçülür. Şikayətlərin yüksək olması isə bu baxımdan maliyyə institutunun reputasiya risklərini artıran amil hesab olunur.
Maliyyə bazarı üzrə analitiklər hesab edir ki, "AFB Bank"ın qarşısında duran əsas çağırışlardan biri xidmət keyfiyyətinin yüksəldilməsi, rəqəmsal bankçılıq imkanlarının genişləndirilməsi və risk idarəetmə sistemlərinin gücləndirilməsidir. Əks halda sürətli böyümə planları maliyyə dayanıqlığı üçün əlavə risklər yarada bilər.
Ümumilikdə, bankın milyard manatlıq aktivlər hədəfi ambisiyalı plan kimi qiymətləndirilə bilər. Lakin bu məqsədə nail olmaq üçün kapitalın artırılması, bazar payının genişləndirilməsi və tənzimləyici tələblərə tam uyğun fəaliyyət əsas şərtlər hesab olunur.
Mehman Əsədov
Milli.Az