Həkimlərin maaşı artacaq? - AÇIQLANDI

12 Fevral 2026 09:50

Azərbaycanda tibb işçilərinin aldıqları məvacib son illərdə cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir.

Milli.Az xəbər verir ki, xüsusilə səhiyyə sistemində aparılan islahatlar, dövlət və özəl sektor arasında fərqlər, eləcə də həkim və orta tibb personalının iş yükü bu mövzunu daha da aktuallaşdırır.

Bir tərəfdən əhalinin keyfiyyətli tibbi xidmətə çıxışı prioritet sayılırsa, digər tərəfdən bu xidməti göstərənlərin sosial rifahı və maddi təminatı diqqət mərkəzində dayanır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc hesab edir ki, səhiyyə sektorunda həm rəsmi, həm də qeyri-rəsmi gəlir mexanizmləri mövcuddur:

"İstər dövlət, istərsə də özəl tibb müəssisələrində rəsmi maaşlar bir çox hallarda yüksək hesab edilmir. Bu səbəbdən həkimlər və digər tibb işçiləri bir neçə tibb müəssisəsində çalışaraq aylıq gəlirlərini formalaşdırırlar.

Uzun illər mövcud olmuş qeyri-rəsmi ödənişlər sistemi müəyyən mənada aşağı rəsmi maaşları kompensasiya edib. Lakin bu, sistemli və arzuolunan model hesab edilə bilməz. Səhiyyə sahəsində şəffaf və yüksək rəsmi əməkhaqqı sistemi qurulmalıdır. Əks halda, paralel gəlir mexanizmləri qalmaqda davam edəcək".

V.Orucun fikrincə, səhiyyə sistemində islahatlar davam etdikcə rəsmi maaşların mərhələli şəkildə artırılması daha real görünür:

"Bu isə həm tibbi xidmətin keyfiyyətinə, həm də vətəndaş məmnuniyyətinə müsbət təsir göstərə bilər. Uzunmüddətli perspektivdə tibb işçilərinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır"./baku.ws

Milli.Az