NASA Marsda həyata dair ən güclü sübutlardan birini tapdı: "Bəbir ləkəli" süxur

12 Fevral 2026 08:41

NASA-nın Mars kəşfiyyat aparatı "Perseverance" Qırmızı planetin milyardlarla il əvvəl mikroskopik həyata ev sahibliyi edə biləcəyinə dair indiyə qədərki ən inqilabi sübutu tapıb.

Milli.Az xəbər verir ki, "Cheyava Falls" adı verilən süxur nümunəsi həm üzvi birləşmələr, həm də kimyəvi reaksiyaların izlərini daşıyır.

Bəbir ləkələri" nəyi ifadə edir?

Alimləri ən çox həyəcanlandıran məqam ox ucu şəklindəki bu süxurun üzərindəki kiçik, ağ rəngli ləkələrdir.

Yer kürəsində süxurlarda rast gəlinən bu növ ləkələr adətən mikrobların enerji mənbəyi kimi istifadə etdiyi kimyəvi reaksiyalar nəticəsində yaranır.

Ləkələrin ətrafındakı qara halqalar dəmir və fosfatdan ibarətdir ki, bu da qədim zamanlarda mikrobial həyat üçün lazım olan qida mühitinin olduğunu göstərir.

Marsoxodun daxilindəki cihazlar süxurun tərkibində karbon əsaslı üzvi birləşmələr aşkar edib. Bu birləşmələr "həyatın blokları" hesab olunsa da, NASA mütəxəssisləri ehtiyatlı davranırlar. Çünki üzvi maddələr bioloji olmayan (geoloji) proseslər nəticəsində də yarana bilər.

Süxurun üzərindəki kalsium-sulfat damarları göstərir ki, vaxtilə bu bölgədən su axıb. Həmçinin, süxurda vulkanik fəaliyyətlə əlaqəli ola biləcək olivin kristalları da tapılıb. Bu isə o deməkdir ki, bölgədə həm su, həm də kimyəvi enerji mövcud olub - mikrobial həyatın yaranması üçün ideal mühit!

NASA-nın layihə rəhbəri Ken Farley bildirib ki, bu, missiyanın indiyə qədər tapdığı ən vacib nümunədir. Lakin tam dəqiq qərar vermək üçün "Perseverance"in texniki imkanları yetərli deyil.

Bu süxur nümunəsi digərləri ilə birlikdə xüsusi kapsulda saxlanılır. NASA və ESA (Avropa Kosmik Agentliyi) tərəfindən gələcəkdə planlaşdırılan missiya ilə bu nümunələr Yerə gətiriləcək və laboratoriya şəraitində araşdırılacaq.

Lalə Qüdrətova
Milli.Az