Azərbaycanda qanunsuz qeydiyyata alınmış qrantlara dair əməliyyatlar üzrə işlərə baxacaq qurumlar müəyyənləşib.
Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
İnzibati Xətalar Məcəlləsinə əsasən, dini qurumlar tərəfindən qrant alınması (verilməsi) haqqında müqavilələrin və qərarların müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmadan həmin qrantlardan istifadə və onlar üzrə əməliyyatlar aparılmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.
Fərmana əsasən, yuxarıdakı abzasda nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə fiziki şəxslərə, habelə bələdiyyələrə, bələdiyyə orqanlarına və dini qurumlar istisna olmaqla digər qeyri-kommersiya qurumlarına münasibətdə Ədliyyə Nazirliyi, banklara və digər ödəniş xidməti təchizatçılarına münasibətdə Mərkəzi Bank, digər kommersiya hüquqi şəxslərinə və publik hüquqi şəxslərə münasibətdə İqtisadiyyat Nazirliyi baxacaq.
İnzibati Xətalar Məcəlləsinə əsasən, qeyri-hökumət təşkilatları, yaxud banklar və digər ödəniş xidməti təchizatçıları tərəfindən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Qanunla müəyyən edilmiş qaydada qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə üzrə bank əməliyyatlarının və hər hansı digər əməliyyatların aparılmasına görə vəzifəli şəxslər iki min beş yüz manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Fərmana əsasən, yuxarıdakı abzasda nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə qeyri-hökumət təşkilatlarına münasibətdə Ədliyyə Nazirliyi, banklara və digər ödəniş xidməti təchizatçılarına münasibətdə Mərkəzi Bank baxacaq.
Milli.Az