Avropa Parlamenti Ukraynaya 90 milyard avro kredit ayrılmasını təsdiqləyib

11 Fevral 2026 16:59

Avropa Parlamentinin deputatları Ukraynaya 90 milyard avro həcmində kredit xəttinin ayrılmasına səs veriblər.

Milli.Az xəbər verir ki, bu məlumatı Aİ-nin qanunverici orqanının rəhbəri Roberta Metsola təsdiqləyib.

O, X sosial şəbəkəsində qeyd edib: "Bugünkü mühüm səsvermə, 90 milyard avro məbləğində kreditin təsdiqlənməsi ilə Ukraynaya həyati əhəmiyyətli dəstək verdi".

Avropa Parlamentinin rəsmi resursunda dərc olunan məlumata əsasən, 30 milyard avro Kiyevə makromaliyyə yardımı və ya Ukraine Facility mexanizmi çərçivəsində dövlət büdcəsinin dəstəklənməsi üçün yönəldiləcək. Qalan 60 milyard avronun ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsinə və hərbi texnika alınmasına sərf edilməsi planlaşdırılır.

Silah tədarükü prosesində Ukrayna tərəfi milli istehsalçılara, həmçinin Avropa İttifaqı, Avropa İqtisadi Zonası və Avropa Azad Ticarət Assosiasiyasına üzv dövlətlərin təchizatçılarına üstünlük verməlidir.

Avropa Parlamentində bildirilib: "Əgər müəyyən müdafiə materialları həmin ölkələrdə Ukraynaya təcili çatdırılma üçün dərhal mövcud olmazsa, digər ölkələrdən satınalma üçün məqsədli istisnalar paketi tətbiq ediləcək".

Məlumatda vurğulanır ki, maliyyələşmə "sərt şərtlər" əsasında həyata keçiriləcək. Bu şərtlərə Ukraynanın demokratik idarəetmə prinsiplərinə, hüququn aliliyinə və insan hüquqlarının, o cümlədən azlıqların hüquqlarının qorunmasına riayət etməsi daxildir.

Yardımın ayrılması Ukraynanın maliyyə ehtiyaclarından asılı olacaq. Ödəniş strategiyasının Avropa İttifaqı Şurası tərəfindən təsdiqlənməsinin tələb olunduğu qeyd edilir. Avropa Parlamentində aydınlaşdırılıb ki, ilk tranşın 2026-cı ilin 2-ci rübünün əvvəlində köçürülməsi üçün Şura dəstək paketini razılaşdırmalıdır.

Kreditin ayrılmasına 458 avrodeputat səs verib. 140 deputat əleyhinə çıxıb, 44 nəfər isə bitərəf qalıb.

Borclanma Aİ-nin birgə öhdəlikləri vasitəsilə maliyyələşdiriləcək. Zəmanət kimi blokun uzunmüddətli büdcəsinin "təhlükəsizlik ehtiyatı" çıxış edəcək. Borca xidmət xərclərinin də eyni mənbələrdən qarşılanacağı bildirilib.

Qanunverici orqanda qeyd olunub: "Komissiya borca xidmət xərclərini 2027-ci il üçün təxminən 1 milyard avro, 2028-ci ildən etibarən isə illik təxminən 3 milyard avro həcmində qiymətləndirib. Ukrayna kreditin əsas məbləğinin qaytarılmasına Rusiyadan reparasiyalar alındıqdan sonra cavabdeh olacaq".

Politico nəşri yazır ki, Avropa Parlamentinin qərarı Ukraynanın ilk tranşı alması yolunda son maneəni aradan qaldırır.

Avropa İttifaqı Ukraynaya 2026-2027-ci illər üçün blokun ümumi büdcəsindən 90 milyard avro kredit ayrılması barədə qərarı daha əvvəl, 19 dekabr tarixində qəbul edib. Çexiya, Macarıstan və Slovakiya bu təşəbbüsdə iştirakdan imtina ediblər. Həmin vaxt dondurulmuş Rusiya aktivlərindən Kiyevin maliyyələşdirilməsi ideyası da rədd edilib.

Ayxan
Milli.Az