Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır

11 Fevral 2026 16:21

Əməkdar jurnalist, tanınmış keçmiş aparıcı Nəsimi Nəbizadə reabilitasiya mərkəzi açır.

Milli.Az xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında Nəsimi Nəbizadə deyib.

O bildirib ki, hazırda bununla bağlı danışıqlar aparır: "Müalicədə olanda fikrim var idi ki, reabilitasiya mərkəzi açım. Müalicədən qayıdandan sonra bu barədə məsləhətləşmələr apardım və qərar verdim. Yaxın vaxtlarda bu layihəni reallaşdırmağa çalışacağam. Artıq bununla bağlı təkliflər də almışam, iki şirkətlə danışıqlar gedir. Yəqin ki, yaxın vaxtlarda razılıq əldə olunacaq və reabilitasiya mərkəzinin açılışını elan edəcəyik. Ümid edirəm ki, bu mərkəz narkotik və alkoqol asılılığından əziyyət çəkən bir çox şəxsə yardım edəcək".

Qeyd edək ki, N.Nəbizadə bir müddət əvvəl "Qurtuluş" reabilitasiya mərkəzində müalicə alıb. 4 aylıq müalicədən sonra o, mərkəzi tərk edib. Hadisədən bir neçə gün sonra məlum oldu ki, Sumqayıt Şəhər Prokurorluğu adıçəkilən mərkəzdə araşdırmalar aparıb və orada aşkarlanan qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə "Qurtuluş" reabilitasiya mərkəzinin rəhbəri Ceyhun Salmanov və müəssisənin iki əməkdaşı saxlanılıb. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində 2 ay 10 gün həbs qətimkan tədbiri seçilib.

Milli.Az