Qızdırma, öskürək, qarın ağrısı: Viruslar uşaqları hədəfləyir

11 Fevral 2026 15:23

Virus infeksiyaları müxtəlifdir və böyük bir qrupundur.

Milli.Az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Səbinə Cəfərova deyib.

Onun sözlərinə görə, virus infeksiyalarına qrip, rotavirus, rinovirus və digər viruslar aiddir. Uşaqlar adətən 6 aya qədər daha az xəstələnirlər. Bu da onlarda anadangəlmə immunitetin olması ilə bağlıdır.

Pediatr bildirib ki, virus infeksiyalarının simptomları bir-birinə oxşardır. Əsas əlamətlər qızdırma, öskürək və burun axmasıdır. Qrip zamanı yüksək hərarət, güclü baş və əzələ ağrıları müşahidə olunur. Rotavirus infeksiyasında qusma və qarın ağrısı ön planda olur. Rinovirus isə əsasən yuxarı tənəffüs yollarını zədələyir.

"Uşaqlar arasında yayılan Koksaki virusu da mövcuddur. Bu virus geniş yayılmasa da, simptomları arasında əl, ayaq və ağız nahiyəsində səpkilərin yaranması yer alır".

Vurğulayıb ki, viruslar uşaqlara əsasən hava-damcı yolu ilə yoluxur və bir insandan digərinə asanlıqla keçir:

"Yoluxma çirklənmiş əllər və su vasitəsilə də baş verə bilər. Xüsusilə sıx kollektivlərdə yoluxma riski artır. Gigiyenik qaydalara riayət edilmədikdə xəstələnmə halları daha tez-tez müşahidə olunur. Məktəb yaşlı uşaqlar isə nisbətən daha az xəstələnirlər".

Mina Mikayılova
Milli.Az