Azərbaycanda son illərdə toyuq ətinə tələbatın artdığı bildirilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə ətin pərakəndə satışı ötən illə müqayisədə 44,7% artaraq 188 milyon manatı ötüb.
Daxili bazarda quş ətinə marağın yüksəlməsi fonunda bəzi bölgələrdə quşçuluq təsərrüfatlarında ciddi problemlər yaşanır. Hazırda ölkənin bir neçə rayonunda toyuqların kütləvi tələf olması ilə bağlı narahatlıq müşahidə olunur.
Məlumata görə, əsasən İmişli, Salyan və Tovuz rayonlarında toyuqlar arasında naməlum xəstəlik yayılıb. Təkcə toyuqlar deyil, hinduşka, qaz və ördəklər də bu xəstəliyin qurbanına çevrilirlər.
Milli.Az xəbər verir ki, İmişli sakini, fermer Vüsal Məmmədov Day.Az-a açıqlamasında bildirib ki, xəstələnən toyuqlar halsız olur, yemək yemir, ağızlarından maye axır və ətlərində qaralma müşahidə edilir. Onun sözlərinə görə, səhər saatlarında hinə baxarkən onlarla toyuğun tələf olduğunu görürlər.

Fermer qeyd edib ki, kənd baytarlıq məntəqələri tərəfindən dərmanlar verilsə də, dərman təsir göstərənə qədər quşlar ölür.
Digər fermerlərin sözlərinə görə, quşlar əvvəlcə halsızlaşır, daha sonra baş nahiyəsində qaralma yaranır və bir neçə saat, ən gec bir gün ərzində tələf olurlar.
Baytar mütəxəssislər bildirirlər ki, quşların kütləvi şəkildə tələf olması əsasən yoluxucu və ya mövsümi xəstəliklərlə bağlı olur. Xüsusilə qış aylarında immuniteti zəif olan toyuqlar xəstəliklərə daha tez yoluxurlar.
Mütəxəssislər həmçinin vurğulayırlar ki, quşlara körpə vaxtlarından etibarən profilaktik məqsədlə xüsusi dərman və vaksinlər verilməlidir ki, xəstəliklərə qarşı davamlılıq formalaşsın.
Qeyd edək ki, hazırda toyuq əti bazarında qeyri-müəyyənlik müşahidə olunur.
Xüsusilə Türkiyədə toyuq məhsullarının ixracının müvəqqəti olaraq dayandırılması vəziyyəti daha da gərginləşdirir. Qeyd olunur ki, bu qərarın əsas məqsədi daxili bazarda qiymət artımının qarşısını almaqdır. Mütəxəssislər bildirirlər ki, bölgələrdə xüsusilə "kənd çolpa"larının küttləvi şəkildə ölməsi və Türkiyədən ixracın azalması toyuq ətinin qiymətinin bahalaşmasına səbəb ola bilər.
Milli.Az