Bəzi bölgələrdə kənd təsərrüfatı ilə məşğul olanlar ciddi problemlə üz-üzə qalıblar. Belə ki, toyuqlar kütləvi şəkildə tələf olur. Tək toyuqlar yox, hinduşka, ördəklər də bu xəstəliyin qurbanına çevriliblər.
Milli.Az xəbər verir ki, rayon sakinlərinin sözlərinə görə, quşlar əvvəlcə halsızlaşır və baş nahiyəsində qaralma müşahidə olunur. Daha sonra isə bir neçə saata, max. bir günə tələf olurlar.
Bəs quşlar arasında yayılan bu naməlum xəstəlik nədir?
Baytar Əbilağa Məlikovun sözlərinə görə, kənd təsərrüfatında quşlar arasında baş verən kütləvi tələflər əksər hallarda yoluxucu və mövsümü olur. Xüsusilə, qışda immuniteti zəif olan quşlar infeksiyalara daha tez yoluxur:
"Bəzi xəstəliklər mövsümüdür. Xəstəliyin mənşəyini bilmək üçün baytara müraciət etmək lazımdır. Quşlara körpə vaxtından dərman vermək lazımdır ki, xəstəliklərə qarşı dözmlü olsunlar".
Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Asossasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənlinin sözlərinə görə, quşçuluq fabriklərində vəziyyət fərqlidir:
"Ölüm halları azdır. Təlafat əsasən kənd yerlərində quşların düzgün halda saxlanılmamasına görə baş verir. Bizim bir fabrikdə 500 mindən çox quş var. Orda ölüm faktı azdırsa, demək ki ölkədə quş xəstəliyi ilə bağlı vəziyyət də normaldır".
Baytarlar qeyd ediblər ki, quşları özbaşına dərmanlamaq vəziyyəti daha da pisləşdirə bilər. Bu halda xəstə heyvanı baytara aparana kimi digər quşlardan ayrı saxlamaq lazımdır.
Aysel Əkbər
Milli.Az