Namazdan sonra pilates: Məsciddə kişilər üçün dərslərə başladı - FOTO

11 Fevral 2026 14:20

Böyük Britaniyanın Bradford şəhərində yerləşən Camia Usmania məscidində kişilər üçün təşkil olunan pilates dərsləri qısa zamanda geniş maraq qazanıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, namazdan sonra keçirilən 45 dəqiqəlik məşğələlər həm fiziki aktivliyi təşviq edir, həm də icma üzvləri arasında ünsiyyəti gücləndirir.

Təşkilatçılar dərslərlə bağlı paylaşdıqları TikTok videosunun 2 milyona yaxın baxış topladığını bildiriblər. Video yalnız Böyük Britaniyada deyil, Malayziya və Kanada kimi ölkələrdə də oxşar təşəbbüslərlə bağlı maraq yaradıb.

Dərslər əsasən 50-80 yaş arası kişilər üçün nəzərdə tutulub. İştirakçılar namazdan sonra əlavə hazırlıq görmədən, gündəlik geyimdə məşğələlərə qoşula bilirlər. Pilates seansları dartınma hərəkətləri ilə başlayır və daha intensiv məşqlərlə davam edir.

69 yaşlı təlimatçı Zəfər Kayani bildirib ki, təşəbbüs xüsusilə yaşlı Asiya mənşəli kişilər üçün faydalıdır. Onun sözlərinə görə, iştirakçılar həm fiziki, həm də zehni baxımdan müsbət dəyişikliklər hiss edirlər.

Fidan
Milli.Az