Dünyada özəl xəfiyyə (private investigator) fəaliyyəti real praktikadır və bir çox ölkədə qanunla tənzimlənir və ya praktiki olaraq işləyir.
Avstriya, Belçika, Fransa, Almaniya və Skandinaviya ölkələrində özəl detektivlər xüsusi lisenziya və dövlət icazəsi əsasında işləyir və onlara peşə tələbləri qoyulur - məsələn, təcrübə, təhsil, məhkumluğun olmaması kimi şərtlər var.
Latviyada özəl detektiv fəaliyyəti artıq uzun illər qanunla tənzimlənir və detektiv xidmətləri həm şəxsi, həm də cinayət hadisələri üzrə geniş istifadə olunur. ABŞ-da isə özəl detektivlər dövlət səviyyəsində lisenziyalaşdırılır; əsasən ştat qanunlarına uyğun qeydiyyat və icazə tələb edilir.
Digər tərəfdən, bəzi ölkələrdə qanunla tam qadağan edilmiş və ya qeyri-rəsmi fəaliyyət formasındadır. Məsələn, Çində klassik mənada özəl detektiv peşəsi rəsmi tanınmır və qanuni çərçivəsi yoxdur.
Türkiyədə xüsusi qanun yoxdur və özəl detektiv fəaliyyəti hüquqi boşluqda fəaliyyət göstərir - detektiv kimi fəaliyyət üçün ayrıca lisenziya və rəsmi tənzimləmə mövcud deyil. Bəs Azərbaycanda vəziyyət necədir?
"Azərbaycanda belə xidmət mövcud deyil. İstər hüquqi, istərsə faktiki bu fəaliyyət müşahidə edilmir".
Milli.Az xəbər verir ki, bu sözləri Modern.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O qeyd edib ki, özəl detektiv agentliklərinin fəaliyyəti Azərbaycan qanunvericiliyinə ziddir:
"Bu haqda "İnformasiya, İnformasiyalaşdırma və İnformasiyanın Mühafizəsi Haqqında" Qanunda, Cinayət və Mülki Məcəllələrdə, "Şəxsi Məlumatlar Haqqında" Qanunda qadağalar var. Yəni birbaşa "xəfiyyə" sözü qeyd edilərək onun qadağan olunması haqda yazılmasa da şəxsi məlumatların gizli saxlanılması prinsipi bu xidməti inkar edir. Ən əsası, bu Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsində (Şəxsi toxunulmazlıq hüququ) qeyd olunub".
Hüquqşünas qeyd edib ki, Azərbaycanda Daxili İşlər Nazirliyinin fəaliyyətinin də özəl detektiv agentliklərinin fəaliyyətinə ehtiyac qalmadığını göstərir:
"Belə ehtimalların qarşısını alan birbaşa qurum kimi effektiv xidmət göstərir. Ölkədə belə xidmət, o cümlədən "avtoritetlik" və buna bənzər mövqe tutmaq da yolverilməzdir".
Ə.Həsənov insan hüquqları üzrə beynəlxalq konvensiyaların da xəfiyyəçiliyə zidd olduğunu qeyd edib.
Milli.Az