Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 5 nömrəli xəstəxananın Kardiologiya İnstitutuna aid ərazidən yayılan görüntülər müzakirələrə səbəb olub.
Milli.Az-ın məlumatına görə, sosial şəbəkələrdə paylaşılan videolarda təmir işləri aparıldığı bildirilən ərazidə tibb müəssisəsinə məxsus avadanlıq və müxtəlif əşyaların açıq havaya atıldığı müşahidə olunur.
Məlumata görə, hazırda həmin əşyalar yağış və qar altında, heç bir mühafizə olunmadan saxlanılır.
Sözügedən avadanlıqların dövlətə məxsus tibb müəssisəsinə aid olduğu nəzərə alınarsa, vətəndaşlar tərəfindənb bu cür yanaşma dövlət əmlakına qarşı məsuliyyətsizlik kimi qiymətləndirilib.
Bildirirlər ki, təmir işlərinin aparılması normal haldır. Lakin bu proses zamanı avadanlıq və əmlakın qorunmaması onların yararsız vəziyyətə düşməsinə, nəticədə isə dövlət vəsaitinə ziyan vurulmasına səbəb olur.
TƏBİB-dən sosial mediada paylaşılan görüntülər ilə əlaqədar Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Nərimanov Tibb Mərkəzində aparılan əsaslı təmir və yenidənqurma işləri ilə əlaqədar olaraq istifadəyə yararsız olan inventarlar xəstəxana binasından kənarlaşdırılıb.
Qeyd olunub ki, istifadəyə yararsız olan inventarlar Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən siyahıdan silindikdən sonra utilizasiyası həyata keçirilicək.
Mina Mikayılova
Milli.Az