Epşteynin yanından ayırmadığı "sirli" qadın kimdir? - FOTO

10 Fevral 2026 13:15

Ceffri Epşteynin demək olar ki, hər fotoşəklində görünən sirli qadın Gisleyn Maksvell yeni sənədlərin ortaya çıxmasından sonra maraq mövzusuna çevrilib.

Bəs ictimaiyyətə "sirli qadın" kimi tanınan Maksvell kimdir?

Milli.Az sizə maraqlı faktları təqdim edir:

Gisleyn Maksvell 25 dekabr 1961-ci ildə Fransada anadan olub. Britaniya vətəndaşı olan Maksvell media maqnatı, məşhur iş adamı Robert Maksvellin qızıdır. Təhsilini İngiltərədə alan Maksvell uzun illər ABŞ-da yaşayıb və yüksək cəmiyyət çevrələrində fəal fiqur kimi tanınıb. Onun siyasət, biznes və kral ailəsi ilə əlaqələri uzun müddət ictimai müzakirə mövzusu olub.

Epşteynlə əlaqəsi

Prokurorluğun iddialarına görə, Maksvell amerikalı maliyyəçi Ceffri Epşteynin ən yaxın adamlarından biri olub. O, yetkinlik yaşına çatmayan qızları Epşteynin cinsi istismarına cəlb etməkdə, onları istiqamətləndirməkdə və hazırlamaqda ittiham edilib.

Rəsmi sənədlərə əsasən, Maksvell Epşteynin yaratdığı cinsi istismar və insan alveri şəbəkəsində fəal rol oynayıb.

Məhkəmə prosesi və hökm

Gisleyn Maksvell 2020-ci ildə ABŞ-da həbs edilib. 2021-ci ildə keçirilən məhkəmə prosesində münsiflər heyəti onu yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismara kömək etməkdə günahkar bilib. 2022-ci ildə isə məhkəmə qərarı ilə Maksvell 20 il müddətinə azadlıqdan məhrum edilib.

2019-cu ildə Ceffri Epşteynin həbsxanada müəmmalı ölümü sonrası ictimaiyyətin diqqəti birbaşa Maksvellə yönəlib. Onun Epşteyn şəbəkəsi barədə daha çox məlumata sahib olduğu, lakin müəyyən detalları gizlətdiyi iddiaları illərdir gündəmdən düşmür.

Xüsusilə İngiltərə şahzadəsi Endryu ilə əlaqələri işin ən çox müzakirə olunan və qalmaqallı məqamlarından biri hesab olunur.

O indi haradadır?

Hazırda Gisleyn Maksvell ABŞ-dakı federal həbsxanada cəzasını çəkir. Onun susqunluğu və ifadə verməkdən imtinası Epşteyn işi ətrafında sualların hələ də cavabsız qalmasına səbəb olur və qalmaqalın ictimai rezonansını daha da artırır. Video bağlantı vasitəsilə keçirilən iclasda Gisleyn Maksvell ona ünvanlanan bütün suallara yalnız bir cümlə ilə cavab verib:

"Suallarınızı cavablandırmaqdan hörmətlə imtina edirəm" .

Fidan
Milli.Az