Bakının bu küçəsində abadlıq işləri tamamlanır - FOTO

10 Fevral 2026 11:43

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, Bakı şəhərində piyada zonalarının yaradılması və geniş abadlıq-quruculuq işləri davam etdirilir. Bu istiqamətdə icra olunan layihələrdən biri də paytaxt sakinləri və şəhərə gələn qonaqların sıx istifadə etdiyi İslam Səfərli küçəsini əhatə edir.

Milli.Az xəbər verir ki, küçənin piyada yönümlü formata keçirilməsi məqsədilə intensiv işlər aparılır. Bütün küçə boyu mövcud kommunikasiya xəttləri yenilənib, beton örtüyü salınıb, yaşıllıq üçün xüsusi sahələr yaradılıb, işıq dirəklərinin quraşdırılmasına başlanılıb. Küçənin böyük hissəsində daş döşəmələrin salınması işləri yekunlaşıb, ayrı-ayrı hissələrdə isə artıq skamyalar quraşdırılıb.

Ümumi görünüş mərhələli şəkildə müasir piyada məkanına uyğunlaşdırılır və bu işlər 1 kilometrdən artıq ərazini əhatə edir.

Qeyd edilir ki, layihə təkcə şəhər estetikasının yaxşılaşdırılmasına deyil, həm də piyadalar üçün daha rahat, təhlükəsiz və funksional mühitin formalaşdırılmasına yönəlib.

Milli.Az