Son illər smartfonlardan istifadə gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin mütəxəssislər uzun müddət telefon ekranına baxmağın göz sağlamlığı üçün ciddi risklər yaratdığını bildirirlər. Xüsusilə gənclər və uşaqlar arasında görmə problemlərinin artması bu mövzunu daha da aktuallaşdırır.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı oftalmoloq-cərrah Rəfadar Xəlilov bildirib ki, gün ərzində mavi şüalar qarşısında çox vaxt keçirəriksə, bu gözlərdəki bəzi hüceyrələri öldürür. Digər səbəb isə quru göz yaranmasına səbəb olur:
"Gün ərzində 20-22 min dəfə kirpiklərimizi qırpırıq. Hər gözümüzü qırpdıqca isə göz qapağı özü ilə gözyaşı gətirir. Buynuz qişa yeganə orqandır ki, damarsızdır və göz yaşı ilə qidalanır. Göz yaşı nə qədər çox olarsa, o qədər yaxşı qidalanıb qorunur".
Bəs bu zərərin qarşısını almaq mümkündürmü?
"İlk növbədə ekrana fasiləsiz baxmaq olmaz. Hər 20 dəqiqədən bir gözlərə istirahət vermək, uzağa baxmaq və göz məşqləri etmək vacibdir. Həmçinin, ekrana yaxın dayanmaq və qaranlıq otaqda şüaya baxmaq da gözlərə birbaşa təsir edir. Telefonun ekran parlaqlığını ətraf mühitə uyğun tənzimləmək, mavi işıq filtrlərindən istifadə etmək və telefonu gözlərdən ən azı 30-40 sm məsafədə saxlamaq da vacib sayılır".
Həkim qeyd edib ki, texnologiyadan tam imtina mümkün olmasa da, düzgün və ölçülü istifadə göz sağlamlığını qorumağın əsas şərtidir.
Aysel Əkbər
Milli.Az