Pendirin daha ləzzətli olması üçün onu bu materiala bükün

10 Fevral 2026 23:01

Pendiri soyuducuya qoyarkən etdiyiniz kiçik bir səhv həm onun dadını korlayır, həm də tez xarab olmasına səbəb olur. Mütəxəssislər pendiri plastik paketlər əvəzinə "yağlı kağız" və ya "mumlanmış kağız"a bükməyi tövsiyə edirlər.

Milli.Az xəbər verir ki, bir çoxumuz pendiri marketdən aldığımız plastik qablarda və ya sellofan paketlərdə saxlayırıq. Lakin plastik material pendirin nəfəs almasına mane olur, rütubəti daxilə həbs edir. Bu da pendirin daha tez kiflənməsinə və xoşagəlməz dad almasına gətirib çıxarır.

Pendir "canlı" bir qidadır və ətrafa karbon qazı ifraz edir. Yağlı kağız pendirin nəfəs almasına imkan verərkən, eyni zamanda onun qurumasının qarşısını alır. Bu üsulla pendir öz aromasını və teksturasını daha uzun müddət qoruyur.

Əgər pendiri mütləq qabda saxlamaq istəyirsinizsə, qabın daxilinə bir ədəd qənd qoyun. Qənd qabın daxilindəki artıq nəmi özünə çəkərək pendirin tərləməsinin və kiflənməsinin qarşısını alacaq.

Pendir üçün ən ideal yer soyuducunun meyvə-tərəvəz siyirməsidir. Bu bölmədə temperatur daha sabit və rütubət balansı pendir üçün daha uyğundur. Pendiri birbaşa soyuq hava axını olan rəflərdə saxlamaq onun tez qurumasına səbəb ola bilər.

Pendirin əsl dadını hiss etmək üçün onu soyuducudan çıxaran kimi yeməyin. Süfrəyə qoymazdan təxminən 1 saat əvvəl otaq temperaturuna çıxarsanız, pendirin tərkibindəki yağlar yumşalar və əsl aroması üzə çıxar.

Lalə Qüdrətova
Milli.Az